Azərbaycanda real ÜDM II rübdə 5,5% artıb

Azərbaycanda real ÜDM II rübdə 5,5% artıb
# 04 oktyabr 2021 11:13 (UTC +04:00)

Bu ilin ilk yarısında Azərbaycanda real ÜDM-nin həcmi (2005-ci ilin qiymətləri ilə) 12,212 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, təkcə cari ilin II rübündə real ÜDM-nin həcmi 6,672 mlrd. manat təşkil edib ki, bu da I rüblə müqayisədə 20,4%, ötən ilin analoji rübü ilə müqayisədə isə 5,5% çoxdur.

Qeyd edək ki, 2021-ci ilin ilk yarısında real ÜDM istehsalının əsasən mədənçıxarma sənayesi və karxanaların işlənməsinin payına düşüb (36,6%). Nəqliyyat, anbar təsərrüfatı və rabitə sektorunun real ÜDM istehsalında payı isə 15,8%-ə bərabər olub.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda real ÜDM-nin həcmi 28,62 mlrd. manata təşkil edib, bu, 2019-cu illə müqayisədə 4,3% azdır.

Azərbaycan İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, neftin bir barelinin ortaillik qiyməti 2021-2022-ci illər üzrə 55 ABŞ dolları olduğu halda, cari ildə ölkədə ÜDM-nin real artım tempi 4,6%, 2022-ci ildə 4% təşkil edəcək.

Real ÜDM-nin nominal ÜDM-dən fərqi ondan ibarətdir ki, real ÜDM-də istehsal olunan məhsulların qiymət artımları nəzərə alınmır və bu göstərici sırf real istehsal ilə təyin olunur. Bunun nəticəsi kimi, nominal ÜDM iqtisadiyyatın qiymət və gəlir indeksindəki dəyişikliklərdən asılıdır və məhsul və xidmətlərin qiymətlərinin artması səbəbindən inflyasiya ilə birlikdə artır, deflyasiya halında isə azalır. Beləliklə, nominal ÜDM-dən fərqli olaraq, real ÜDM qiymət səviyyəsindəki dəyişiklikləri hesablayır və iqtisadi artım ilə bağlı situasiyanı daha dəqiq şəkildə əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR