BVF: Avrozonada inflyasiyanın sürətlənmə ehtimalı azdır

BVF: Avrozonada inflyasiyanın sürətlənmə ehtimalı azdır
# 07 dekabr 2021 11:55 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) qurumun Nizamnaməsinin IV maddəsinə dair məsləhətləşmələri çərçivəsində Avrozona ölkələrinə 2021-ci il missiyasının yekun bəyanatını açıqlayıb.

"APA-Economics"in BVF-yə istinadən verdiyi məlumatına görə, bəyanatda bildirilir ki, ötən dövrdə Avrozonada həyata keçirilən güclü iqtisadi siyasətlər ev təsərrüfatlarının sərəncamında olan gəlirləri dəstəkləyib, iş yerlərini qoruyub, iqtisadiyyatda kreditləşməni artırıb və korporativ sektorun balans hesabatlarını dəstəkləyib. Bundan əlavə, yüksək vaksinasiya səviyyəsi ilə birgə bu siyasətlərin daha yüksək şəxsi istehlak və investisiya vasitəsilə güclü iqtisadi dirçəlişin əsasını qoyduğu vurğulanıb.

Bəyanatda gələcək çağırışlara toxunularaq bildirilir ki, qeyri-müəyyən pandemiya vəziyyəti və onun qoyduğu izlər fonunda fiskal, monetar və maliyyə sektorunun siyasətinin normallaşdırılmasının əlaqələndirilməsi çətin olacaq.

İnflyasiya haqqında isə bəyanatda deyilir ki, son inflyasiya yüksəlişi gözlənilməz oldu, lakin artımın çox hissəsi keçici xarakter daşıyır və qiymət artımının ikinci mərhələyə keçəcəyi ehtimalı azdır: "Ona görə də monetar siyasət iqtisadi bərpanı dəstəkləməyə davam etməlidir. Struktur islahatları və yüksək təsirli investisiyalar, o cümlədən iqlimə uyğun infrastruktur və rəqəmsallaşma tədbirləri dayanıqlığın artırılması və potensial artımın gücləndirmək üçün mühüm əhəmiyyət kəsb edir".

Xatırladaq ki, bundan əvvəl Avropa Mərkəzi Bankının Prezidenti Kristin Laqard Avrozonada inflyasiya təzyiqlərinin müvəqqəti olduğunu və yüksək inflyasiya drayverlərinin ortamüddətli dövrdə azalacağını bildirmişdi.

Qeyd edək ki, noyabr ayında Avrozonada illik inflyasiya 4,9%-dək sürətlənib. Təkcə enerji qiymətlərində illik 27,4% artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR