BVF-nin rəhbəri "Doing Business 2018" üzrə auditorların rəyini rədd edib

Kristalina Georgiyeva

© APA | Kristalina Georgiyeva

# 07 oktyabr 2021 10:55 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva bildirib ki, ABŞ-ın "WilmerHale" hüquq şirkəti onun Dünya Bankının baş direktoru vəzifəsində işləyən zaman fəaliyyətini "Doing Business 2018" üzrə dərc etdiyi audit hesabatında səhv xarakterizə edib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, BVF-nin direktoru əlavə edib ki, şirkət onun araşdırmada iştirakının məxfi olacağına inandırsa da, bu şərtə əməl olunmayıb. K. Georgiyeva qeyd edib ki, onun bəzi sözləri kontekstdən çıxardılıb və auditorların ona qeyd olunan ifadələrin düzgünlüyünü yoxlamaq imkanı vermədiyini vurğulayıb. Georgiyeva eyni zamanda, Dünya Bankının digər yüksəkvəzifəli işçilərinin məlumatları Çinin xeyrinə dəyişdirmələri üçün "Doing Business 2018"in araşdırmaçılarına təzyiq göstərdikləri barədə auditorların rəyini rədd edib.

Qeyd edək ki, Dünya Bankı hər il tərtib etdiyi "Doing Business" hesabatının dərc edilməsini dayandırıb. Belə ki, Dünya Bankının araşdırmaları ("WilmerHale" hüquq şirkəti tərəfindən aparılıb – red.) zamanı məlum olub ki, 2018-ci ildə "Doing Business" reytinqində Çinin, 2020-ci ildə Səudiyyə Ərəbistanının mövqeyini qəsdən və səhv bir şəkildə yaxşılaşdırılıb, Azərbaycan üzrə göstəriciləri isə pisləşdirilib və nəticədə bu, ölkənin ötənilki reytinqinə mənfi təsir edib.

Əlavə edək ki, reytinqdəki dəyişikliklər Dünya Bankının keçmiş rəhbəri Cim Yong Kim, BVF-nin rəhbəri Kristalina Georgiyeva və reytinq yaradıcılarından biri Simon Dyankovun təzyiqi ilə edildiyi bildirilir. Hazırda bu şəxslərin heç birinə qarşı korrupsiya ittihamı irəli sürülməsə də, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR