Daşınar əmlak satışından ilin əvvəlindən 24 mln. manatdan çox vəsait əldə olunub

Daşınar əmlak satışından ilin əvvəlindən 24 mln. manatdan çox vəsait əldə olunub
# 03 dekabr 2021 14:24 (UTC +04:00)

Cari ilin əvvəlindən bu gününədək dövlət müəssisələrin balansından silinən daşınar əmlakların satışından 24,4 mln. manata yaxın vəsait əldə olunub.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu vəsaitin təqribən 22 mln. manatı özəlləşdirmədən daxilolmalar kimi, qalan 2,4 mln. manatı isə vergi, sosial və digər borclara görə dövlət büdcəsinə yönəldilib. Bundan əvvəl təcrübədə dövlət müəssisələri və səhmdar cəmiyyətlərində dövlət əmlaklarının silinməsindən və söküntüsündən əldə edilmiş vəsaitlərdən dövlət büdcəsinə daxilolma olmayıb.

Bu satış üsulu ilə 2021-ci ildə təkcə bir müəssisədən bu günədək 20 mln. manata yaxın vəsaitin özəlləşdirmədən daxilolma kimi dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bu da dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi təcrübəsində səmərəlilik göstəricisi olaraq diqqət çəkən nəticədir.

Həmin müəssisələrin fəaliyyətinin təyinatı üzrə bərpası mümkün olmadığından müvafiq investisiyalar cəlb edilməklə qeyri-neft sektorunun inkişafına töhfə verə bilən yeni müəssisələrin yaradılması istiqamətində də addımlar atılır.

Dövlət əmlakının icarəyə verilməsi sahəsində də müvafiq tədbirlər görülüb. İcarə müqavilələrinə cəlb olunan yeni obyektlərin hesabına dövlət büdcəsinə daxil olan icarə haqlarının məbləği artıb. 2019-cu illə müqayisədə cari ilin 10 ayı ərzində 1,6 dəfə çox vəsaitin dövlət büdcəsinə yığılması təmin edilib. Belə ki, cari ilin 10 ayı ərzində 14 mln. manata yaxın vəsait yığılıb. 2019-cu ilin 10 ayında isə bu rəqəm 8 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR