Dünya Bankı Azərbaycana 65 mln. dollar kreditin ayrılmasını təsdiqləyib

Dünya Bankı Azərbaycana 65 mln. dollar kreditin ayrılmasını təsdiqləyib
# 21 may 2021 10:31 (UTC +04:00)

Dünya Bankının Azərbaycanda Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması yönəlmiş və bank tərəfindən 65 mln. ABŞ dolları məbləğində kreditin ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsi bankın Direktorlar Şurası tərəfindən təsdiqlənib.

"APA-Economics"in Dünya Bankına istinadən verdiyi məlumata görə, layihənin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) icra edəcək və başa çatması 31 mart 2026-cı il tarixində gözlənilir. Layihənin ümumi məbləği 95,88 mln. dollardır və qalan 30,88 mln. dollar Azərbaycan dövləti tərəfindən maliyyələşəcək. Bankın məlumatına görə, bu marşrut boyunca yaşayan təqribən 250 min insan təkmilləşdirilmiş yol infrastrukturundan, iqtisadi imkanlardan və əsas xidmət obyektlərinə asanlıqla çatmaqdan faydalanacaq.

"Bu layihə Azərbaycanın milli inkişaf prioritetlərinə çatmasına kömək edəcək. Dünya Bankının dəstəyi ilə ölkədə inkişafın faydalarının Azərbaycanın bütün sahələrində bərabər paylanmasını təmin etmək, əhatəli və davamlı icmalar qurmaq, kənd yerlərinin bütün potensialından istifadə etmək və insanların bacarıqlarını artırmaq öhdəliyini götürüb", - deyə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl qeyd edib.

Layihə üç əsas sahəni maliyyələşdirəcək. Birincisi, yollara və köməkçi kənd təsərrüfatı və logistika infrastrukturuna qoyulan investisiyalar, təkmilləşdirilmiş yolların sosial-iqtisadi inkişaf təsirini maksimum dərəcədə artırmaq məqsədi ilə əlaqə və bazarın əlçatanlığını dəstəkləməyə kömək edəcək

İkincisi, layihə yol şəbəkəsi idarəetmə sistemlərinin inkişafı üçün texniki yardım və xərclərinin tətbiqi və nəqliyyat vasitələrinin həddindən artıq yüklənməsinin qarşısının alınması variantları ilə texniki yardım yolu ilə maliyyə sektoru daxilində davamlılığı və səmərəliliyi dəstəkləyəcək.

Üçüncüsü, layihə yerli icmalar üçün gəlir gətirmə imkanlarını yaxşılaşdırmaq üçün yol kənarındakı logistika və bazar obyektlərinin dizaynını və tənzimlənməsini dəstəkləyəcək və yerli sahibkarlara bacarıqlarını artıracaq.

"Layihə, qaldırılmış yol bəndləri və iqlim təsirlərini aradan qaldırmaq üçün müvafiq yol materiallarından istifadə kimi məqamları dəstəkləyəcək. Layihə həmdə COVID-19 sonrası iqtisadi bərpa və yol kənarındakı obyektlərin istismarı zamanı insanları iş imkanları ilə təmin edəcək", - deyə Dünya Bankı layihə komandasının rəhbəri Nicat Vəliyev bildirib.

Xatırladaq ki, Dünya Bankının layihə üzrə konkret məqsədlərində sözügedən yoldan 100 mindən çox, o cümlədən hər gün 7 min insan istifadə edəcəyi, öz məhsullarını fermadan bazarlara çatdıran fermerlərin nisbətən 70 dəqiqə qənaət edəcəkləri və orta həcmli yük avtomobillərinin istismar xərclərində azalmasının 11%-dək azalacağı, layihə çərçivəsində yerli əhali üçün 4 min iş yerinin açılacağı gözlənilir.

Hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfelinin həcmi yenidən 10 layihəyə yüksəldi və 803 mln. dollar təşkil edir. Bundan əlavə, bankın COVID-19 pandemiyasının yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab vermək üçün hazırlanan "Azerbaijan COVID-19 Emergency Response Project" adlanan layihəsi danışıqlar mərhələsindədir. Sözügedən layihənin dəyəri 95 mln. dollar göstərilir və bu məbləğin hamısı bankın öhdəliklərinə daxildir.

Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR