Əli Məsimli: “Büdcə Məcəlləsinin qəbul edilməsinə ehtiyac var”

Əli Məsimli

© APA | Əli Məsimli

# 10 noyabr 2021 12:51 (UTC +04:00)

“Büdcə gəlirlərinin əsasını yenə də neft amili təşkil edib. Bu indiki mərhələdə riskləri kifayət qədər artıracaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədrinin müavini Əli Məsimli deyib.

O bildirib ki, büdcə zərfində kölgə iqtisadiyyatı ilə mübarizənin davam etdirilməsi və ədalətli rəqabətin formalaşdırılması üçün işlərin davam etdiriləcəyi qeyd olunub: “Bəs növbəti 2022-ci ildə bu istiqamətlərdən nə qədər gəlirin daxil olacağı büdcədə niyə qeyd olunmayıb? 2020-ci il müharibə şəraitində icra olunan büdcə ili idi. Amma artıq biz iqtisadi artımın sürətləndiyi bir iqtisadi ilə daxil olmaqdayıq. Orta müddətli xərclər çərçivəsində büdcə ilə bağlı çatışmazlıqların aradan qaldırılması üçün Maliyyə Nazirliyinin əlavə tədbirlər görməsinə ehtiyac var. Digər məsələ büdcənin kəsiri ilə bağlıdır. Burada yeni məqam nəzərə alınıb. Büdcənin maliyyələşdirilməsində aktiv borclanma məsələsi zərfdə əksini tapıb. Mən balanslı büdcənin əleyhinə olmuşam. Bu istiqamətdə qiymətli kağızlar bazarının artırılmasının tərəfdarıyam. 2021-ci ildə 3 milyard manatdan artıq kəsir proqnozlaşdırılmışdı. 2022-ci ilin də büdcəsi təqribən ona uyğun olacaq. Büdcənin kəsiri kifayət qədər yuxarı olanda inflyasiya real olur. Əgər vahid xəzinə qalığından gələn vəsait büdcə kəsirini 2022-ci ildə ödəməyə qadirdirsə, niyə kütləvi olaraq borclanmaya gedirik? Əgər büdcənin xərcləri ayrı-ayrı maddələr üzrə bölünübsə, hazırlanan strategiyadan irəli gələn xərclər hansı vəsait hesabına maliyyələşəcək?”

Ə. Məsimli bildirib ki, Milli Məclisin büdcəyə nəzarətinin gücləndirilməsi üçün ciddi tədbirlər görülməlidir. O qeyd edib ki, Büdcə Məcəlləsinin qəbul edilməsinə ehtiyac var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR