Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərrac keçiriləcək

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərrac keçiriləcək
# 12 noyabr 2021 15:23 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən 6 dekabr və 9 dekabr tarixlərində faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərrac təşkil ediləcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, dekabrın 6-da keçiriləcək hərraca Xızı rayonunda “Sitalçay” qum-çınqıl yatağının 87.1 hektar sahəsi, “Yeni Yaşma I” qum yatağının 5.5 hektar sahəsi, Ağsu rayonunda “Sulutçay” qum-çınqıl yatağının 20 hektar sahəsi çıxarılacaq. Göygöl rayonunda “Üçtəpə-Qızılqaya” qranit yatağının 2.14 hektar sahəsi, Salyan rayonunda “Salyan” gil yatağının 5 hektar sahəsi də bu tarixdə hərraca çıxarılan faydalı qazıntı yataqlarına aiddir.

Dekabrın 9-da təşkil ediləcək hərraca Hacıqabul rayonunda “Atbulaq-1” sement xammalı yatağının 5 hektar sahəsi, Qaradağ rayonunda “Çənlibel” mişar daşı yatağının 7 hektar sahəsi, “Karvansaray” mişar daşı yatağının 8 hektar sahəsi, Şəmkir rayonunda “Şəmkir qranodiorit” qranodiorit yatağının 5,1 hektar sahəsi çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 06 dekabr hərracı üçün 29 noyabr, 09 dekabr hərracı üçün 2 dekabr tarixlərində saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər toplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd olunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR