Gələn il koronavirusla mübarizəyə büdcədən 350 milyon manat ayrılacaq

Gələn il koronavirusla mübarizəyə büdcədən 350 milyon manat ayrılacaq
# 06 noyabr 2021 12:41 (UTC +04:00)

Gələn ilin dövlət büdcəsindən koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin davam etdirilməsinə 350 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”nda əksini tapıb.

Layihəyə əsasən, bu, 2021-ci illə müqayisədə 89,0 milyon manat və ya 34,1 faiz çoxdur.

Ayrılan vəsait vaksinlərin, testlərin (reagentlərin), dərman, tibbi ləvazimatların, avadanlıqların və digər malların alınması və xidmətlərin göstərilməsi, həmçinin dövlət, eləcə də özəl və təsərrüfathesablı tibb müəssisələrində çalışaraq mübarizə tədbirlərində iştirak edən işçilərin əməkhaqqlarına aylıq vəzifə (tarif) maaşlarına müəyyən edilmiş (3-5 misli miqdarında) müddətli əlavələrin ödənilməsi və modul tipli xəstəxanaların saxlanılmasına sərf olunacaq.

Eyni zamanda səhiyyə sahəsində digər xidmətlərin maliyyələşdirilməsi xərcləri hesabına pandemiya şəraitində əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə 2022-ci ilin dövlət büdcəsində sanitar-epidemioloji tədbirlər üçün 40,8 milyon manat vəsait proqnozlaşdırılıb.

Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1788,6 milyon manat vəsait nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR