"Goldman Sachs" ABŞ iqtisadiyyatı üzrə proqnozunu pisləşdirib

"Goldman Sachs" ABŞ iqtisadiyyatı üzrə proqnozunu pisləşdirib
# 07 sentyabr 2021 15:56 (UTC +04:00)

"Goldman Sachs Group" investisiya bankı ABŞ iqtisadiyyatının artımı üzrə proqnozunu 6%-dən 5,7%-ə qədər endirib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, istehlak səviyyəsinin əvvəlcədən proqnozlaşdırıldığından daha pis olacağı gözləntisi proqnozun endirilməsinə səbəb olub. "Goldman Sachs"ın iqtisadçısı Ronni Uokerin fikrincə, amerikalı istehlakçılar, çox güman ki, COVID-19-un yeni ştammının yayılması, büdcə dəstəyinin zəifləməsi və mallara olan tələbatın azalması fonunda xərcləri azaldacaq.

R. Uoker qeyd edib ki, "Delta" ştammı artıq cari ilin III rübündə ÜDM-nin artım tempini yavaşladır və bundan əlavə, maliyyə stimullarının azalması və xidmət sektorunun ləng bərpası da ortamüddətli dövrdə məhdudlaşdırıcı rol oynayacaq.

Lakin "Goldman Sachs"ın proqnozlarına görə, 2022-ci ildə ABŞ-da iqtisadiyyatın artımı daha sürətli templər ilə davam edəcək və bu səbəbdən qurum gələn il üçün ÜDM-nin artım tempi üzrə proqnozunu 4,5%-dən 4,6%-dək yüksəldib.

Bank ABŞ-da işsizlik səviyyəsi ilə bağlı proqnozunu da bu il üçün aşağı salıb və qurum hazırda 2021-ci ilin sonunda ölkədə bu nisbətin 4,2% səviyyəsində olacağını gözləyir (ötən proqnoz 4,1%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR