HP: TN-nin həssas əhali qrupuna aid tələbələrlə bağlı proqnozları büdcə vəsaitlərinin icrasına təsir edib

HP: TN-nin həssas əhali qrupuna aid tələbələrlə bağlı proqnozları büdcə vəsaitlərinin icrasına təsir edib

© APA | Təhsil Nazirliyi

# 24 may 2021 17:25 (UTC +04:00)

Həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün tələb olunan vəsait proqnozlaşdırılarkən Təhsil Nazirliyi tərəfindən şəxslərin qruplaşdırılması zamanı “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərarında olmayan meyara əsasən əlavə kateqoriya təyin edilib, bu kateqoriyaya daxil olan tələbələr üzrə 1,3 mln. manat vəsait proqnozlaşdırılıb.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Rəydə qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara əsasən, proqnoz göstəricisinin formalaşdırılması 3 kateqoriyada qruplaşdırılıb, “3-cü dərəcə əlilliyi olanlar” kimi qruplaşma Qərardan kənar əlavə edilib.

Təqdim edilmiş məlumatlarda 2019/2020-ci tədris ili üzrə ümumilikdə 18200 tələbənin imtiyazdan istifadə edəcəyi və bu zaman yaranacaq xərcin məbləğinin isə 41,7 mln. manat təşkil edəcəyi göstərilib. Proqnozlaşdırılmış tələbə sayının 800 nəfəri və ya 4,4%-i ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, 550 nəfəri və ya 3%-i 3-cü dərəcə əlilliyi olanlara, 16850 nəfəri və ya 92,6%-i isə valideynlərin hər ikisi 1-ci və ya 2-ci dərəcə əlilliyi olan, işsiz kimi qeydiyyatda olan, yaşa görə əmək pensiyası və ya yaşa görə sosial müavinət alan ailələrin üzvlərinə aid edilib. Bu kateqoriyalar üzrə müəyyənləşdirilmiş xərc məbləği isə müvafiq olaraq, 1,8 mln. manat, 1,3 mln. manat və 38,6 mln. manat olmaqla ümumilikdə 41,7 mln. manat təşkil edib.

Rəydə bildirilib ki, qərarda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ali, orta ixtisas və peşə təhsili müəssisələri üzrə ödənişli əsaslarla əyani təhsil alan şəxslərin təhsil haqqı xərclərinin ödənilməsinin nəzərdə tutulmasına baxmayaraq, Təhsil Nazirliyi tərəfindən proqnozların yalnız ali təhsil müəssisələrində təhsil almış şəxslər üzrə tərtib edilməsi vəsaitlərin icra vəziyyətinə təsir edib.

Qərara müvafiq olaraq, Təhsil Nazirliyi tərəfindən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərin 26,3 mln. manat məbləğində təhsil haqqı xərclərinin ödənilməsi həyata keçirilib ki, bu da müəyyən edilmiş proqnoz göstəricisinin 65,8%-i həcmindədir. Bu vəsaitdən ali təhsil müəssisələrinə 24,4 mln. manat, orta ixtisas təhsili müəssisələrinə 1,7 mln. manat və peşə təhsili müəssisələrinə isə 0,2 mln. manat köçürülüb.

Təqdim edilmiş məlumatlara əsasən, 2019/2020-ci tədris ilinin ikinci semestrində 15209, 2020/2021-ci tədris ilinin birinci semestrində isə 15900 müraciət olmaqla ümumilikdə 20800 təhsil alanın təhsil xərci dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR