ICD: Azərbaycanda "sukuk" emissiyası üçün vergi sistemində dəyişikliklər edilməlidir

ICD: Azərbaycanda "sukuk" emissiyası üçün vergi sistemində dəyişikliklər edilməlidir
# 26 oktyabr 2021 16:11 (UTC +04:00)

Azərbaycan, məsələn, büdcədə yaranan kəsiri bağlamaq üçün "sukuk" (islam istiqrazları) emissiya etməlidir və dövlət bu sahədə ölkədə aparıcı rol oynamalıdır.

"APA-Economics"in məlumatına görə, bu barədə İslam İnkişaf Bankının Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) xəzinədarlıq üzrə direktorunun vəzifəsini icra edən İqbal Darediya "Sukuk – Azərbaycanda alternativ maliyyələşmə mexanizmi" mövzusunda keçirilən vebinarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, ümumilikdə, MDB məkanında islam bankçılığında qazanılan nəticələr yüksək deyil. Bunun əsas səbəblərindən biri – qanunvericiliyin islam maliyyələşməsinin alətlərindən olan "sukuk"a uyğun olmaması göstərilib. Bundan əlavə, MDB ölkələrinin milli valyutalarının volatil olması bu prosesdə əlavə çətinliklər yaradır.

İ. Dareda qeyd edib ki, "yaşıl sukuk"a hazırda investorların tələbatı sürətlə artır və Azərbaycanda bu istiqrazların emissiyasını reallaşdırmaq üçün karbon emissiyasının həcmləri və şirkətlərin ətraf mühitə vurduğu zərər azaldılmalıdır. Nəticədə, sözügedən qiymətli kağızları karbon emissiyasının müəyyən qədər azaltmış şirkət buraxa bilər.

Əlavə edək ki, İslam Maliyyə Məsləhətləri və Təminat Xidmətləri (IFAAS) şirkətinin təsisçisi və icraçı direktoru Fərrux Rzanın sözlərinə görə, Azərbaycanın ekosistemi "sukuk"a hazırdır, lakin hüquqi baza "sukuk" kimi alətlərin tələblərinə dövlət tərəfindən uyğunlaşdırılmalıdır və əsasən bura vergi sistemində dəyişikliklər lazımdır. F. Rza da qeyd edib ki, məsələn, "sukuk" emissiyası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən buraxıla bilər.

Xatırladaq ki, sözügedən vebinar ICD, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və KOBİA-nın tərəfdaşlığı çərçivəsində baş tutub.

İslam maliyyə sənayesi hazırda 2,88 trln. ABŞ dolları qlobal maliyyə aktivlərinə sahibdir. Hesablamalara görə isə bu göstəricinin 2024-cü ilə qədər 3,69 trln. ABŞ dolları olması gözlənilir. Əlavə olaraq, "sukuk" investorun likvidliyə ehtiyacı yarandığı, yaxud potensial kapital qazancını əldə etmək istədiyi hallarında təkrar bazarda ticarət edilə bilən alətdir. Həmçinin, "sukuk" böyük infrastruktur və enerji layihələrində ənənəvi maliyyələşmə mexanizmlərinə tamamlayıcı olaraq, hətta bəzi hallarda alternativ maliyyələşmə mexanizmi kimi inkişaf etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR