IDB Azərbaycan iqtisadiyyatına 1 mlrd. dollara yaxın investisiya yatırıb

IDB Azərbaycan iqtisadiyyatına 1 mlrd. dollara yaxın investisiya yatırıb
# 27 may 2021 11:44 (UTC +04:00)

İslam İnkişaf Bankı (Islamic Development Bank – IDB) tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 mlrd. ABŞ dollarına yaxın investisiya yatırılıb.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə nazir Mikayıl Cabbarovun IDB Qrupunun Prezidenti Bəndər Həccar ilə video-konfrans formatında keçirilən görüş zamanı qeyd olunub.

Bildirilib ki, ölkədə kənd təsərrüfatı, sosial, su təchizatı və s. sahələri əhatə edən bu layihələrin 17-si artıq başa çatıb, 1 layihənin icrası isə davam edir.

Nazir Azərbaycanın IDB ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu, işğaldan azad edilən ərazilərimizin bərpası sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, bu ərazilərdə "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyalarının reallaşdırılmasının, dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin dəstəklənməsinin önəmini bildirib.

Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair prioritetləri barədə məlumat verilib, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə tərəfdaşlıq, rəqəmsal iqtisadiyyatın və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə Azərbaycanın və regionun inkişafına yönəlmiş layihələrdə Bankın fəaliyyətinin genişləndirilməsi üzrə əməkdaşlıq imkanları qeyd edilib.

İslam İnkişaf Bankı Qrupunun Prezidenti B. Həccar ölkədə aparılan iqtisadi islahatların IDB tərəfindən dəstəkləndiyini vurğulayıb, əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. Bəndər Həccar IDB-nin bundan sonra da Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirak edəcəyini diqqətə çatdırıb.

Tərəflər iqtisadiyyat və maliyyə sahələrində tərəfdaşlığın möhkəmləndirilməsi, prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR