Manatla problemli kreditlərin həcmi 15 aylıq maksimuma çatıb

Manatla problemli kreditlərin həcmi 15 aylıq maksimuma çatıb
# 31 avqust 2021 17:48 (UTC +04:00)

Bu ilin avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 937,5 mln. manat təşkil edib. Bu göstərici iyulda əvvəlki aya nisbətən 2,5% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,8% azalıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, problemli kreditlər ümumi portfelin 6,1%-ni təşkil edib ki, bu da illik müqayisədə 1,2 faiz bəndi azdır. Avqustun 1-nə vaxtı keçmiş kreditlərin 712,3 mln. manatı manatla olan kreditlərin, 225,2 mln. manatı isə xarici valyutada olan kreditlərin payına düşüb.

Beləliklə, iyulun sonunda milli valyutada olan vaxtı keçmiş kreditlərin həcmi 2020-ci ilin aprel ayından bəri ən yüksək həddə çatıb. Manatla kreditlərdə problemli kreditlərin həcmi illik müqayisədə 7,1%, ilin əvvəlindən isə 8,9% artıb. Təkcə iyulda bu göstərici 2,6% artıb. Avqustun 1-nə manatla verilən kreditlərin 6,3%-i problemli olub ki, bu da ilin əvvəli ilə müqayisədə 0,1 faiz bəndi çox olsa da, illik müqayisədə 0,4 faiz bəndi azdır. Manatla verilən vaxtı keçmiş kreditlərin əsas hissəsini (86,7%) uzunmüddətli kreditlər təşkil edir.

Xarici valyutada kreditlərə gəldikdə, burada vaxtı keçmiş kreditlərin həcmi avqustun 1-nə 225,2 mln. manat təşkil edib və bu, ilin əvvəli ilə müqayisədə 5,9%, illik müqayisədə isə 43,3% çoxdur. Xarici valyutada problemli kreditlərin ümumi xarici valyutada olan kredit portfelindəki payı 5,5% təşkil edib, bu isə illik müqayisədə 3 faiz bəndi azdır. Burada da problemli kreditlərin əksər hissəsi (77%) uzunmüddətlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR