Millət vəkili: "Azərbaycanda inkişaf etmiş ölkələrdən fərqli olaraq, yığılmış kapitalın bölünməsi formalaşmayıb"

Vüqar Bayramov

© APA | Vüqar Bayramov

# 12 noyabr 2021 16:29 (UTC +04:00)

“2021-ci ildə orta aylıq əməkhaqqının 18 % artacağı proqnozlaşdırılsa da, 5% artım gözlənilir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov deyib.

Deputat 2022-ci ildə təsdiq ediləcək və tətbiq olunacaq sosial paketin təsirlərinin nəzərə alınıb-alınmayacağı ilə maraqlanıb: “Sosial paket pensiya artımını əhatə edirsə, nəticə etibarilə gələn il də orta pensiyanın artmasına səbəb olmalıdır”.

V. Bayramov əsassız pensiyaların ləğv edilməsi ilə bağlı məsələyə də münasibət bildirib: “Vətəndaş ödədiyi pensiya kapitalını izləmək istəyir. Məsələn, mənim əməkhaqqımdan pensiya kapitalı tutulur. Amma vətəndaş ödədiyi vəsaitin necə xərcləndiyini izləyə bilməsi üçün sistem qurulmalıdır. Əsassız pensiyaların ləğvi onu göstərir ki, həmin vəsaitlərin nazirlik tərəfindən əsassız xərclənməsi baş verib. Ona görə də bu sistemin qurulması şəffaflıq baxımından çox vacibdir”, - V. Bayramov qeyd edib.

Millət vəkili əlavə edib ki, Azərbaycanda inkişaf etmiş ölkələrdən fərqli olaraq, yığılmış kapitalın bölünməsi formalaşmayıb: “Elə vətəndaş var ki, kifayət qədər yüksək maaş alır və kifayət qədər çox pensiya kapitalı yığılır. Ancaq pensiya yaşına çatmamış ölür. Ona görə də o kapitalın bir hissəsi onun vərəsəsinə ödənilsə, bu, daha yaxşı olar. Çünki belə olmayanda, vətəndaşlar pensiya kapitalının yığılmasında maraqlı deyil. Bəzi ölkələrdə yığılmış kapitalın müəyyən məbləğ yığılandan sonra vətəndaşa geri ödənilməsi (kommunal xidmətlərin ödənilməsi, kreditlərin bağlanması və s.) təcrübəsi var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR