Nazir ölkədə kişi və qadınların əməkhaqqında fərq olduğunu bildirib

Sahil Babayev

© APA | Sahil Babayev

# 08 dekabr 2021 10:50 (UTC +04:00)

“Məşğulluq” altsistemində 110 min vakansiya qeydiyyata alınıb, hazırda 14 min aktiv vakansiya var.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda bildirib.

Onun sözlərinə görə, son 4 ildə minimum əmək haqqı 2 dəfə, orta əmək haqqı isə 4 dəfə artıb: “Ən əsası median əmək haqqının artırılması məsələsidir. Median əmək haqqı son 4 ildə 75 faiz artıb. Median əmək haqqı aşağı gəlirli insanlar üçün çox əhəmiyyətlidir”.

S. Babayev deyib ki, Azərbaycanda kişilər və qadınların əməkhaqlarında fərq hələ də qalmaqdadır: “Bu məsələnin həllini tapması üzərində iş aparılır. Eyni zamanda, qadınların məşğulluq xidmətləri ilə əhatələnməsi artırılmalıdır. Bundan əlavə, hər bir işsiz kimi qeydiyyata alınan şəxsin fərdi məşğulluq planı hazırlanacaq. Aktiv məşğul əhalinin ən azı yarısının işlə təmin olunması nəzərdə tutulub”.

Nazir deyib ki, əsas hədəflər “Əmək Münasibətləri” Alt Sisteminin (ƏMAS), ölkənin məşğulluq xəritəsinin, məşğul şəxslərin reyestrinin, qeyri-formal məşğulluğa nəzarət və monitorinq-səyyar yoxlama sistemlərinin, elektron əmək birjasının, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılmasıdır.

Nazir peşəyönümü məsləhət xidməti və karyera planlamasının rolunun artırılması, 1000-dək peşə və kvalifikasiya standartının hazırlanması və s. işlərin davam etdiyini qeyd edib: “Gələcək fəaliyyətə Karyera Mərkəzinin fəaliyyətə başlaması, uşaqlara peşə vərdişlərinin aşılanması üçün Cənubi Koreya modeli olan karyera şəhərciyinin qurulması, əmək yarmarkalarının təşkili, peşə mobilliyinin genişləndirilməsi və digər tədbirlər də daxildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR