Rusiyanın dövlət borcu 268 mlrd. dolları ötüb

Rusiyanın dövlət borcu 268 mlrd. dolları ötüb
# 01 iyun 2021 13:40 (UTC +04:00)

Bu ilin I rübündə Rusiya Federasiyasının dövlət borcu 741,3 mlrd. rubl (10,1 mlrd. ABŞ dolları) artaraq 19,7 trln. rubl (268,1 mlrd. dollar) təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə Rusiyanın Hesablama Palatasının 2021-ci ilin yanvar-mart ayları üzrə federal büdcənin icrasına dair hesabatında deyilir.

"İlkin məlumatlara görə, 2021-ci ilin I rübündə Rusiya Federasiyasının dövlət borcu 741 290,4 mln. rubl və ya 3,9% artıb və 1 aprel 2021-ci il tarixinə 19 681 692,6 mln. rubl (ÜDM-nin proqnozlaşdırılan həcminin 17%-i) təşkil edib", - hesabatda deyilir.

Rusiya Federasiyasının daxili dövlət borcunun həcminin yanvar-mart aylarında 4,6% (683 mlrd. rubl və ya 9,3 mlrd. dollar) artaraq 15,434 trln. rubla (210,1 mlrd. dollar) çatdığı qeyd olunur. Eyni zamanda, Rusiyanın dövlət borcunun ümumi həcmindəki payı 77,9%-dən 78,4%-ə yüksəlib.

Məlumata görə, Rusiyanın xarici dövlət borcu 1 aprel tarixinə 1,1% (598,3 mln. dollar) azalaraq 56,1 mlrd. dollar təşkil edib. Lakin rubl ifadəsində xarici borc 1,4% (58,3 mlrd. rubl) artaraq ilin əvvəlindən 4,247 trln. rubla çatıb.

2021-ci il üçün federal büdcə haqqında qanuna uyğun olaraq, ÜDM-in proqnozlaşdırılan həcmi ilə əlaqədar dövlət borcunun maksimum səviyyəsi 20,4% (2022-ci ildə – 20,8%, 2023-cü ildə – 21,4%) olacaq. Maliyyə Nazirliyinin məlumatına görə, bu səviyyəyə çatdıqda, Rusiya dövlət borcunun ən aşağı borc yükü olan ölkələr arasında qalmaqda davam edəcək və bu səbəbdən ÜDM-in 20%-ə yaxın səviyyələr təhlükəsiz görünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR