“Dövlət başçısının siyasətinin ana xəttini ölkə vətəndaşının sosial rifahı təşkil edir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, son iki ildə sosial ödənişlər üzrə xərclər 60% artıb: “Az müddət ərzində bu qədər artım bu siyasətin bariz nümunəsidir. Pensiya xərcləri son illər ərzində 48% artıb. Son 3 il ərzində ölkədə minimum pensiyalar artıb. Bu atımlar əlilliyə görə 60, ailə başçısını itirməyə görə 75% olub. Ünvanlı sosial yardım isə 81% artıb. Bu göstəricilərin hər biri Azərbaycanda sosialyönümlü siyasət həyata keçirildiyinin sübutudur. Son 2 ildə həyata keçirilən iki böyük sosial paket ümumilikdə 4 milyon insanı əhatə etdi. Növbəti dövr üzrə yenə də artımlar planlaşdırılır. Gələn il DSMF-nin büdcəsində 3,1%-lik artım planlaşdırılır. Ümumilikdə gələn il həm gəlirlər, həm xərclər baxımından DSMF-nin büdcəsi artırılır”.