Samir Şərifov: "Əsas məqsəd büdcəni nəticə əsaslı etməkdir"

Samir Şərifov

© APA | Samir Şərifov

# 23 noyabr 2021 16:45 (UTC +04:00)

"Ortamüddətli xərclər çərçivəsi ilə bağlı bir sıra təkliflər Hesablama Palatasının rəyində əksini tapıb. Bu, pilot layihədir. Biz bunu hazırda pilot layihə olaraq tətbiq edirik ki, tam bu prosesə hazırlanaq".

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

"Hökumətin əsas məqsədi – büdcəni məhz nəticə əsaslı etməkdir. Bu, çox uzun, vaxt aparan prosesdir", - nazir bildirib.

Xatırladaq ki, Hesablama Palatası 2022-ci il dövlət büdcəsi layihəsinə rəyində bildirib ki, ortamüddətli planlaşdırma dövrü üçün xüsusilə növbəti büdcə ilindən sonrakı illər üçün verilmiş büdcə proqnozları əksər hallar üzrə özünü doğrultmur.

Rəydə qeyd edilir ki, hər növbəti il üzrə müvafiq istiqamətlərdə proqnozlar kəskin dəyişdirilir və bu səbəbdən palata büdcəyə keçidin həyata keçirilməsi zamanı bu istiqamət üzrə fəaliyyətin gücləndirilməsinin zəruriliyi qənaətindədir.

Hesablama Palatasına görə, 2018-2020-ci illərdə dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilmiş məlumatlarda 2022-ci il üçün əks etdirilmiş gəlir və xərclər üzrə proqnoz göstəricilərin hazırkı "Büdcə zərfi"ndə müvafiq il üçün verilmiş göstəricilərlə müqayisəsi əhəmiyyətli fərqlərin olduğunu göstərir. Belə ki, 2019-2021-ci illərin "Büdcə zərf"ləri ilə müqayisədə hazırkı "Büdcə zərfində" 2022-ci il üçün gəlirlər üzrə proqnoz göstəricilər 1-3 mlrd. manat, xərclər üzrə isə 3-6 mlrd. manat məbləğində korrektə ilə proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR