Sara Maykl Dünya Bankının Azərbaycandakı planları və imtina olunmuş kredit haqqında danışıb

Sara Maykl Dünya Bankının Azərbaycandakı planları və imtina olunmuş kredit haqqında danışıb
# 29 iyul 2021 15:22 (UTC +04:00)

Azərbaycanın "2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası" bu yaxınlarda hazır olmalıdır və onun əsasında Dünya Bankı ölkə üçün yeni layihələrin üzərində işləməyə başlayacaq və onları hökümətə təqdim edəcək.

Bu barədə "APA-Economics"ə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) deyib.

Azərbaycanın bu yaxınlarda imtina etdiyi bankın koronavirusla mübarizəyə görə təklif etdiyi kreditə də toxunan S. Maykl bildirib ki, Dünya Bankı hökümətin tələbinə görə fəaliyyət göstərir: "Bizim bütün ölkələrə təqdim olunan "Sürətli COVID-19 Aləti" layihəsi var və bir çoxları bu layihədən ötən il istifadə etdi. Bu ilin əvvəlində Azərbaycan höküməti layihənin hələ də aktiv oluğunu öyrənmək üçün bizimlə əlaqə saxladı. Və biz sözügedən "alət"in hələ də aktiv olduğu bildirdik. Lakin daha sonra anlaşıldı ki, hökumətin maliyyələşdirməyə ehtiyacı yoxdur və bu, bizə heç bir problem yaratmadı".

Sözügedən layihə çərçivəsində Azərbaycan tərəfindən kreditin ayrılması üzrə danışıqların dayandırılmasına baxmayaraq, Dünya Bankının ölkədəki meneceri vurğulayıb ki, kredit şərtləri standart idi: "Sürətli COVID-19 Aləti" layihəsi çərçivəsində təqdim olunan kredit üçün şərtlər standart idi, lakin hökumət tərəfindən bu maliyyələşdirməyə ehtiyac olmadı və bundan əlavə Asiya İnkişaf Bankı (AİB) tərəfindən təklif olunan kredit daha əvvəldən hazır idi".

Qeyd edək ki, iyun ayının sonunda Azərbaycan Dünya Bankının koronavirusla mübarizəyə görə təklif etdiyi 95 mln. ABŞ dolları dəyərindəki kreditdən imtina edib. Maliyyə Nazirliyi kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurlarının Azərbaycan tərəfini qane etmədiyini bildirib. İyulun əvvəlində isə AİB Azərbaycanın COVID-19 pandemiyasının mənfi sağlamlıq, sosial və iqtisadi təsirlərini azaltmaq üçün hərtərəfli planının həyata keçirilməsinə kömək məqsədi ilə Azərbaycan hökumətinə 250 mln. dollar həcmində kredit xətti təsdiqləyib, sözügedən layihənin 100 mln. dollarlıq hissəsi Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən artıq təsdiqlənib.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb. AİB-ə gəldikdə isə, Azərbaycan AİB ilə 1999-cu ildən əməkdaşlıq edir və bank bu vaxt ərzində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR