Sığorta sektorunda vahid informasiya sistemi və sığorta hadisələri reyestrinin yaradılması təklif olunur

Sığorta sektorunda vahid informasiya sistemi və sığorta hadisələri reyestrinin yaradılması təklif olunur
# 11 iyun 2021 16:08 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri müvafiq qərarların qəbulu, bazarın və qabaqcıl təcrübələrin araşdırılması, habelə hesablamaların aparılması zamanı yerli sığorta bazarı, rəqiblər, sığorta məhsulları, maliyyə bazası haqqında konsolidə olunmuş və statistik məlumatların çatışmazlığı ilə üzləşir.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") ölkə üzrə təqdim etdiyi növbəti "Ağ Sənəd"də deyilir.

Bildirilir ki, sığorta fəaliyyətlərinin həyata keçirilməsi və müvafiq quruma müraciət ünvanlanan zaman yaranan sual və problemlərlə bağlı tənzimləyici qurumun mövqe bildirməsi zəruridir və sorğuların gec cavablandırılması və gedişatla bağlı məlumatın əldə edilməsində gecikmələr əməliyyat prosesində çətinliklərə gətirib çıxarır.

Sadalanan problemlər bağlı sənəddə statistik məlumatların toplanması və vahid mənbədə yerləşdirilməsi ilə bağlı yeni mexanizm qurulması tövsiyə olunur.

Sənəddə qeyd edilir ki, ümumilikdə ekosistemlə bağlı sığorta bazarının inkişafında və optimallaşdırılmasına əngəl törədən bəzi maneələr mövcuddur. Bunun həlli üçün verilən tövsiyələr arasında icbari sığorta müqavilələrinin vahid informasiya sistemi üzərindən elektron rəsmiləşdirilməsi mexanizminin formalaşması və müvafiq dövlət qurumları ilə İcbari Sığorta Agentliyi arasında vahid informasiya sisteminin qurulması tövsiyə olunur.

Bundan əlavə, "Ağ Sənəd"də vurğulanır ki, hazırda sığorta bazarının inkişafı ilə bağlı müsbət trendlərlə yanaşı mənfi hallarda da artım müşahidə olunur.

"Bu mənada sığorta sahəsində fırıldaqçılıq hallarını görürük ki, bu da ümumilikdə sığorta bazarının nüfuzuna təsir göstərir", - sənəddə deyilir.

Bununla bağlı, "AmCham Azerbaijan" sığorta şirkətləri üçün könüllü və icbari avtomobil sığortası üçün Mərkəzləşdirilmiş Sığorta Hadisələri Reyestrinin yaradılması təklif olunur.

Xatırladaq ki, "S&P Global Ratings" ("S&P") agentliyi Azərbaycanın əmlak və ümumiyyətlə qeyri-həyat sığorta sektoru üzrə riskin səviyyəsini "orta dərəcədə yüksək" kimi qiymətləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR