Sığortaçılar Assosiasiyası yanğın hadisələri ilə bağlı vətəndaşlara müraciət edib

Sığortaçılar Assosiasiyası yanğın hadisələri ilə bağlı vətəndaşlara müraciət edib
# 28 iyul 2021 15:37 (UTC +04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) son vaxtlar ölkənin müxtəlif ərazilərində qeydə alınan silsilə yanğın hadisələri ilə əlaqədar vətəndaşlara və sahibkarlara müraciət edib.

ASA-dan “APA-Economics”ə verilən məlumata görə, müraciətdə qeyd olunur ki, baş verən yanğın hadisələri nəticəsində zərərçəkənlərin daşınmaz əmlak sığortasının olmadığı müəyyən edilib.

ASA-nın icraçı direktoru Elmar Mirsalayev müraciət açıqlamasında bildirib ki, daşınmaz əmlak sığortası icbaridir, qanunvericiliklə tənzimlənir və hər bir vətəndaş və sahibkar üçün məcburidir: “Daşınmaz əmlakın icbari sığortası 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və bu sığorta növü bütün daşınmaz əmlak sahibləri üçün məcburidir. Əmlakını icbari qaydada sığortalamayanlara qarşı İnzibati Xətalar Məcəlləsinin 469,1-ci maddəsinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərin 30 manat, vəzifəli şəxslərin 80 manat, hüquqi şəxslərin isə 200 manat məbləğində cərimə edilməsi nəzərdə tutulub. Doğrudur, hazırda konkret bir cərimə mexanizmi tətbiq edilmir, lakin bu ona əsas vermir ki, heç kəs əmlakını sığortalamamalıdır. Bu sığorta növü əmlak sahiblərinin özü üçün lazımlıdır, ona görə də cərimə qorxusu ilə yox, könüllü olaraq bu növə müraciət edilməlidir”.

İcraçı direktorun sözlərinə görə, sığorta bazarı ilə bağlı açıqlanan son icmal göstəricilərində daşınmaz əmlakın icbari sığortası növü üzrə yığımlarda artım qeydə alınıb. Belə ki, yanvar-iyun ayları ərzində yerli sığorta bazarı iştirakçıları daşınmaz əmlakın icbari sığortası növü üzrə 32 mln. manat yığım təmin ediblər ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,3 mln. manat çoxdur. Artım dinamikası təmin olunsa da bu rəqəm bizim üçün hələ ki, qaneedici deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR