Tokiodakı Olimpiya və Paralimpiya oyunlarının büdcə xərclərinə 1,3 mlrd. dollar qənaət olunub

Tokiodakı Olimpiya və Paralimpiya oyunlarının büdcə xərclərinə 1,3 mlrd. dollar qənaət olunub
# 03 dekabr 2021 09:39 (UTC +04:00)

Bu yay Tokioda Olimpiya və Paralimpiya oyunlarının keçirilməsinə ayrılan büdcədən 150 mlrd. yen (1,3 mlrd. ABŞ dolları) az xərclənib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Yomiuri" qəzeti yazıb.

Bu, əsasən, personal üçün nəzərdə tutulmuş xərclərin azaldılması hesabına baş verib. Belə ki, yarışlar tamaşaçısız keçirilib. Xüsusən də stadionların girişində temperaturun ölçülməsi, əşyaların yoxlanılması və s. üçün əlavə işçilərin cəlb edilməsinə ehtiyac olmayıb. Bundan başqa, azarkeş çatışmazlığı səbəbindən istilərə qarşı tədbirlərin dəyəri də azaldılıb.

Nəticədə bu, bilet satışından planlaşdırılan gəlir itkisini kompensasiya etməyə imkan verib. Ümumilikdə, yarışların tamaşaçısız keçiriləcəyi məlum olana qədər Yaponiyada və xaricdə 90 mlrd. yen (795 mln. dollar) dəyərində 10 mln-a yaxın bilet satılmışdı. Bilet alanlar sonradan pullarını geri alıblar.

Tokio Olimpiya və Paralimpiya Oyunlarının ilkin büdcəsi 1,35 trln. yen (indiki məzənnə ilə 11,9 mlrd. dollar) olub. Bununla belə, yarışın təxirə salınması və koronavirusa qarşı tədbirlərlə bağlı əlavə xərclər səbəbindən məbləğ 1,64 trln. yenə (14,4 mlrd. dollar) yüksəldilib.

Tokio Olimpiadası iyulun 23-dən avqustun 8-dək davam edib, yarışların əksəriyyəti tamaşaçısız keçirilib. Yaponiya paytaxtında keçirilən Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçirilib, azarkeşlər yarışlara buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR