Vergi öhdəliyinin müddətinin uzadılması üçün sahibkarlardan əlavə sənədlər tələb oluna bilər

Vergi öhdəliyinin müddətinin uzadılması üçün sahibkarlardan əlavə sənədlər tələb oluna bilər
# 03 noyabr 2021 14:36 (UTC +04:00)

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.9-cu maddəsinə görə, hazırda vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciətini vergi orqanına göndərir.

"APA-Economics"in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, maddəyə əlavələr olunması təklif olunur. Əlavədə mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2 000 manatdan 20 000 manatadək, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20 000 manatdan 100 000 manatadək və iri sahibkarlıq subyektinin borcu 100 000 manatdan 300 000 manatadək olduqda vergi ödəyicisi tərəfindən müraciətə aşağıda göstərilən məlumatları əks etdirən yeni sənədlər əlavə olunması təklif olunur.

Sözügedən sənədlərə bank zəmanət, zaminlik müqaviləsi, girov müqaviləsi və vergi ödəyicisinin mülkiyyətində olan və satış üçün yararlı daşınar və daşınmaz əmlakının siyahıya alınmasına dair yazılı razılıq. Razılıq sənədində həmin əmlak barədə zəruri məlumatlar qeyd edilməli, əmlakın ümumi bazar dəyərinin 50%-i borcun məbləğindən çox olmalıdır.

Qeyd edilir ki, vergi ödəyicisinin müraciəti təmin edildiyi halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadıldığı dövr ərzində razılıq sənədində qeyd edilən əmlaklar vergi ödəyicisinin istifadə hüququ saxlanılmaqla vergi orqanı tərəfindən siyahıya alınır. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadıldığı dövr ərzində həmin əmlakların hərrac vasitəsilə satışı ilə bağlı vergi orqanı tərəfindən məhkəməyə müraciət edilmir və vergi ödəyicisi tərəfindən həmin əmlakların təqdim edilməsi vergi orqanının razılığı ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR