Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında “ASAN xidmət”in payı açıqlanıb

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında “ASAN xidmət”in payı açıqlanıb
# 08 dekabr 2021 16:29 (UTC +04:00)

"Hazırda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı fəaliyyəti ilə respublikanın rayon və şəhərlərində Ədliyyə Nazirliyinin 85, “ASAN xidmət” mərkəzlərində isə 21 qeydiyyat şöbəsi məşğul olur və qeydə alınan əməliyyatlardan 63%-i rayon (şəhər), 37%-i “ASAN xidmət” mərkəzlərindəki qeydiyyat şöbələrinin payına düşür".

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib. Onun sözlərinə görə, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri"ndə ölkə vətəndaşları, Azərbaycanda daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində onların soyadı, adı, atasının adı, doğulduğu il, ay və gün, ailə vəziyyəti barədə məlumatlar və digər məlumatlar əks olunur:

"Hazırda Reyestrdə 10 milyondan çox şəxs barəsində fərdi məlumatlar saxlanılır. Reyestrin formalaşdırılması məqsədilə vətəndaşlıq vəziyyəti aktları 2005-ci ildə Ailə Məcəlləsinin tələblərinə uyğun yaradılmış “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə qeydə alınır. Hazırda ölkəmizdə 20 milyona qədər sənədi özündə ehtiva edən arxiv formalaşdırılıb.

Əhalinin Dövlət Reyestri bir sıra dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib.

Məsələn, Təhsil Nazirliyi ilə təşkil olunan məlumat mübadiləsi məktəbə gedən uşaqların sayının əvvəlcədən müəyyənləşdirilməsinə, bununla əlaqədar təhsil alanlarla bağlı görüləcək tədbirlərin daha səmərəli planlaşdırılmasına, bu sahəyə ayrılacaq maliyyə resurslarının daha dəqiq təhlil edilməsinə imkan verir".

R. Kərimova deyib ki, əvvəllər uşağın doğumunun qeydə alınması üçün valideyn tibb müəssisəsindən müvafiq sənədi alırdı və onun əsasında qeydiyyat şöbəsinə müraciət etdikdə müvafiq qeydiyyat aparılırdı:

"İndi isə doğumun qeydiyyatı demək olar ki, avtomatlaşdırılmış qaydada aparılır. Belə ki, doğum faktı baş verdikdə bu barədə məlumat Əhalinin Dövlət Reyestrinə inteqrasiya etmiş səhiyyə orqanlarının informasiya sistemindən daxil olur və uşağa dərhal avtomatlaşdırılmış rejimdə təkrar olunmayan fərdi identifikasiya nömrəsi verilir.

Bu proses eyni zamanda ölüm faktlarının qeydə alınması zamanı da baş verir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” ölkə başçısının 2020-ci il tarixli Fərmanına əsasən doğumun və ölümün elektron qaydada dövlət qeydiyyatına alınması və bununla əlaqədar şəhadətnamələrin elektron qaydada verilməsi qərara alınıb.

Şəxsin “MyGov” portalındakı fərdi elektron kabineti üzərindən doğumun və ölümün elektron qaydada qeydə alınması barədə müraciəti üzrə müvafiq fakt qeydə alınaraq bu barədə şəxsin mobil telefonuna “sms” mesajı, kabinetinə isə elektron şəhadətnamə göndərilir və bu xidmət şəxsi müvafiq sənədin kağız daşıyıcıda əldə etməsindən məhrum etmir. Bununla yanaşı Fərmandan irəli gələrək ölkə üzrə 1.379 icra nümayəndəliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə və “Əhalinin Dövlət Reyestri”nə qoşulması təmin edilib. Həmçinin hazırda Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə və “Əhalinin Dövlət Reyestri”nə qoşulması istiqamətində işlər həyata keçirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR