Avtomobil sahibləri üçün «ağ-qara siyahı» hazırlanıb - İCMAL

Avtomobil sahibləri üçün «ağ-qara siyahı» hazırlanıb - <span style="color: red;">İCMAL
# 08 oktyabr 2013 09:24 (UTC +04:00)

Bakı – APA-Economics. Yaxşı sürücü kimdir? Yol hərəkəti qaydalarını pozmayan, qəza törətməyən və... sığorta haqqını aşağı tariflə ödəyən. Azərbaycanın sığorta sektorunda bir qədər əvvəl tətbiq olunmuş yeni sistemə görə, yaxşı, yəni qəza törətməyən sürücülər daha az, problemli sürücülər isə daha böyük məbləğdə sığorta haqqı ödəyəcəklər. Yəni, nə qədər sığorta haqqı ödəmək bilavasitə sürücünün özündən asılı olacaq.

Ədalətli sığorta

Bu il yanvarın 15-dən İcbari Sığorta Bürosu «Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə Bonus-Malus sisteminin tətbiqinə başlayıb. Adı qeyri-ciddi səslənən bu sistem avtomobil sürücüləri, ümumiyyətlə ölkənin sığorta bazarı üçün mühüm əhəmiyyət daşıyır.

Məlumat üçün deyək ki, Bonus-Malus sistemi - əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Daha sadə desək, Bonus-Malus sisteminin tətbiqindən sonra pis sürücülər yüksək, yaxşı sürücülər isə daha az sığorta haqqı ödəyəcəklər. Və bu - ədalətlidir.

Hər şey öz əlinizdədir...

Əslində hələ bir neçə il əvvəl sığorta mütəxəssisləri avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortasından danışanda sığorta haqqının sürücülərin məsuliyyətindən asılı olmasının vacibliyini dönə-dönə qeyd edirdilər. Doğrudan da, qəzaya meylli, yəni əvvəllər qəza törətmiş sürücünün yenidən qəza törətmək ehtimalı nisbətən sakit sürücüdən çoxdur.

Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası»na əsasən tətbiq edilən Bonus-Malus sistemi də bu ehtimalların dəqiq hesablanmasına əsaslanır.

Nəticədə, indi avtomobil sahiblərinin mülki sığortası zamanı ödənilən sığorta haqqı avtomobilin növü (minik, yük və ya avtobus olmasından), mühərrikinin həcmi, fiziki və ya hüquqi şəxsə məxsus olması ilə yanaşı avtomobil sahibinin əvvəllər sığorta hadisəsi yaradıb-yaratmaması, yəni qəza törədib-törətməməsindən də asılıdır.

Sığorta sinifləri

Bonus-Malus sistemi Azərbaycanda 2012-ci ilin əvvəlindən qüvvəyə minmiş «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası»nda nəzərdə tutulub. Bu qaydalara əsasən, sığortalılar əvvəlki il ərzində qəza-törədib törətməməklərindən asılı olaraq risk qruplarına - siniflərə bölünür. Sinifləri avtomobil sahiblərinin etibarlılıq dərəcəsi də adlandırmaq olar.

Siyahıda 17 sinif və hər sinfə uyğun əmsal var. Avtomobil sahibi sığorta haqqı ödəyəndə sığorta məbləği bu əmsala vurulur. Avtomobil sahibi nə qədər intizamlı olarsa, onun daxil olduğu sinif də bir o qədər yüksək olacaq və ödədiyi sığorta haqqı aşağı düşəcək. Belə ki, 1-5-ci siniflər sığorta riskinin yüksək olmasını, 7-17-ci siniflər isə riskin aşağı olmasını göstərir. İlk dəfə sığorta olunan avtomobil sahibi 6-cı sinfə daxil edilir. Burada əmsal 1-dir. Sonra isə sığorta hadisəsinin baş verib-verməməsindən asılı olaraq siniflər artıb-azalır. Ən sərfəli, yəni sığorta haqqının ən aşağı olduğu sinif 17-cidir, burada əmsal 0,45-dir. Ən çox sığorta haqqını isə 1-ci sinfə daxil olanlar ödəməli olacaqlar, burada əmsal 3-dür (Cədvəl 2). Sonradan bu əmsallar sığorta haqlarının məbləğində hiss olunur.

Məsələn, Bakı cavanları arasında məşhur olan «VAZ 2107»-nin sahibi mülki məsuliyyətini sığorta etdirəndə ilk dəfə 6-cı sinfə (əmsal 1-dir) qəbul ediləcək və mühərrikinin həcminə uyğun olaraq 75 manat ödəməli olacaq (50 manat * 1,5).

1-ci sinfə daxil olan (yəni ən problemli) sürücülər üçün bu məbləğ 3 dəfə artıq, yəni 225 manat təşkil edəcək, 17-ci sinfə daxil olanlar (yəni ən intizamlılar) üçün isə belə avtomobilin sığortası 33,75 manata başa gələcək. Bir sözlə, problemli sürücülər etibarlı sürücülərə nisbətən az qala 200 manat artıq sığorta haqqı ödəyəcəklər.

Avtomobillərin mühərrikinin gücü artdıqca intizamlı və problemli sürücülərin ödədiyi məbləğlər arasında fərq daha ciddi olur. Məsələn, mühərrikinin həcmi 4000 kubsantimetr olan «Toyota Prado» avtomobilləri üzrə icbari sığorta haqqının məbləği ilkin olaraq 175 manat (baza sığorta haqqı 50 manat * 3,5) təşkil edəcək. Sonradan sığorta hadisələrinin baş verib-verməməsindən asılı olaraq bu rəqəm ən yaxşı halda 78,75 manata, ən pis halda isə 525 manata çata bilər. Göründüyü kimi, cəmi bir neçə il ərzində eyni avtomobil üzrə sığorta haqları arasında fərq sürücünün intizamından asılı olaraq 450 manata çatır. Etiraf etmək lazımdır ki, bu, hətta «Prado» sürənlər üçün də hiss olunan məbləğdir.

Etibar naminə

Başqaları 500 manat sığorta haqqı ödədiyi halda, sənin cəmi 50-60 manat ödəməyin əladır. Amma necə deyərlər, bu etibarı hələ qazanmaq, bunun üçün isə vaxt lazımdır. Bonus-Malus sisteminə əsasən, hər bir avtomobil sahibinin hansı sinfə daxil olması ötən ilin nəticələrinə görə müəyyən edilir. Yuxarıda qeyd etdiyimiz kimi, sığortalanan sürücü sistemə ilk dəfə 6-cı sinifdən daxil olur. Bundan sonra sürücülər arasında «təbəqələşmə» başlayır - sığorta hadisəsi, yəni qəza törətməyənlər, orta məktəbdəki kimi hər il yuxarı sinfə, hadisə törədənlər isə aşağı sinfə keçirlər. Amma bir fərq var ki, yuxarı sinfə ancaq addım-addım, yəni hər il yalnız bir pillə irəliləməklə qalxmaq olar. Aşağı siniflərə eniş isə sürətlidir.

Qəzasız keçirilən hər il sürücünü bir sinif yüksəldəcək və əmsallar da azalacaq. Qəzalı keçən illərə görə isə əksinə - sığorta haqları yüksələcək. Məsələn, bir il ərzində sığorta hadisəsi, yəni qəza törətməyibsə, gələn il artıq 7-ci sinfə keçirilir. Burada isə əmsal 0,95-dir, yəni avtomobili bir il qəzasız sürənlər gələn il 5% az sığorta haqqı ödəyəcəklər. Bu qayda ilə 10 illik qəzasız müddət sürücünü 17-ci sinfədək yüksəldəcək ki, bu da sığorta haqqının birinci ildəkinə nisbətən 2 dəfədən də çox azalması deməkdir.

Qəza törədəndə isə vəziyyət dəyişir. İlk dəfə sığorta olunmuş sürücü il ərzində bir qəza (yəni sığorta hadisəsi) törətsə yerini 30% itirir, yəni 4-cü pilləyə düşür. Burada isə əmsal 1,6-dır. İki qəza hadisəsi törətsə, 50% geriləyərək 3-cü pilləyə (əmsal 2), üç qəza törədənlər isə 80% geriləməklə 2-ci pilləyə (2,45) düşəcəklər. İl ərzində dörd və ya daha çox qəza törədənlər isə avtomatik olaraq 1-ci sinfə keçirilir, yəni sığorta haqqını ən böyük tariflərlə - 3 əmsalı ilə ödəməli olurlar.

Başqa sözlə, etibarlı sürücü kimi tanınıb 17-ci pilləyə qalxmaq üçün 10 il vaxt tələb olunursa, il ərzində 4 dəfə qəza törədib ən problemli sürücü «titulunu» cəmi bir ilə də qazanmaq olar. Hətta 17-ci sinfə daxil olanlar hər il bir qəza törətsələr cəmi 6 ilə ən aşağı pillədə olacaqlar (Cədvəl 3).

Yeni dərs ili

Qaydalara əsasən, BM sinfi 2013-cü ildən etibarən hər ilin 15 yanvar tarixinə müəyyənləşdirilir və növbəti ilin yanvarın 15-dək qüvvədə olur. BM sinfinin hesablanması üçün əvvəlki təqvim ilinin 1 yanvar tarixindən cari ilin 1 yanvar tarixinədək müddətə aid olan məlumatlardan istifadə olunur. Bu o avtomobillərə aiddir ki, onlar ötən il ərzində azı 275 gün və ya 9 ay müddətində sığortalanmış olsunlar. Yəni, yanvarın 1-dək 275 gün tamam olsun. Dekabr və ya noyabr ayında başlanan sığorta müqavilələri üzrə nəticələr hələlik nəzərə alınmayacaq. Avtomobil heç olmasa aprelin 1-dən sığortalı olmalıdır ki, ilin nəticələrinə görə BM sinfi müəyyənləşsin. Həmin avtomobillər və onların sahibləri üzrə sığorta sinifləri də bu dövrdə baş verən sığorta hadisələrinə əsasən müəyyən ediləcək. Hər ilin yanvarın 15-də sığorta olunanların BM sinfi ötən ilin nəticələrindən asılı olaraq yenilənir.

«Nə qədər ödəyək?»

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilovun sözlərinə görə, dünyada çoxdan tətbiq olunan Bonus-Malus sistemi sürücülərin intizamına təsir etməlidir: «Burada motivasiya rolunu sığorta haqları oynayır. Zərər dəydikdə, sığorta ödənişi veriləndə, əgər sürücü görürsə ki, növbəti ildə onun ödəyəcəyi sığorta haqqının məbləği artacaq, yəqin ki, bu hal sürücüləri yolda daha səliqəli olmağa təhrik edəcək». N.Xəlilovun sözlərinə görə, sığorta riskləri əvvəlki sistemdə də müəyyən dərəcədə nəzərə alınırdı. Amma o vaxt bu fərq cüzi idi: «Sığorta haqqının məbləğindəki 2-3 manat dəyişmə sürücünün davranışına elə də ciddi təsir etmirdi». Üstəlik, onun uçotunu da heç kim aparmırdı, çünki bunun üçün fiziki imkan və mərkəzləşmiş baza olmayıb». İndi isə belə sistem yaradılıb və burada həm sığorta müqavilələrinin, həm də sığorta ödənişlərinin uçotu aparılır. Sistemdə tətbiq olunan proqram təminatı isə müəyyən edilmiş düstur üzrə hesablamalar apararaq əmsalları müəyyən edir.

Nəticədə, intizamlı və intizamsız sürücülərin ödədiyi sığorta haqqı arasında fərq dəfələrlə artacaq. Belə ki, Bonus-Malus sisteminə sıfır variantı ilə, yəni 6-cı sinifdən daxil olan «Prado»nun sahibi bir il ərzində sığorta hadisəsi törətməsə, 7-ci sinfə yüksəlir. Burada sığorta haqqı 166,25 manatdır. Sürücü ikinci ili də problemsiz başa vursa, 8-ci sinfə yüksəlir və onun ödədiyi sığorta haqqı 157,5 manata enir və bu qayda ilə davam edir. Qəza törədəndə isə o birdən-birə 30% aşağı enərək 4-cü sinfə düşür və onun sığorta haqqı 280 manata qalxır. Həmin sürücü növbəti il də sığorta hadisəsi törətsə, 3-cü sinfə düşür və onun sığorta haqqı 350 manata qalxır. Başqa sözlə, hadisə törədən sürücü ilə törətməyən sürücünün sığorta haqları arasında fərq cəmi bir ildən sonra 114 manata, iki ildən sonra 200 manata, üç ildən sonra 300 manata, dörd ildən sonra 400 manata qalxır (Cədvəl 4).

Sığorta haqları arasında belə böyük fərq sürücüləri düşünməyə vadar edəcək: «Bəlkə də yeni tətbiq olunduğuna görə, bu qaydaların təsiri elə də tez hiss olunmayacaq, amma bir qədər sonra sığorta haqlarının yüksək olması öz sözünü deyəcək. Sürücülər illərlə bonuslar yığdıqca, və ya hadisələr törətdikcə, intizamlı və intizamsız sürücülərin ödədiyi sığorta haqları arasında fərq sürətlə artacaq və bu daha təsirli olacaq», - deyə N.Xəlilov bildirib. Başqa sözlə, sığorta agentləri sürücülərə «Hər şey öz əlinizdədir» deyəndə təkcə sükanı yox, həm də sığorta haqlarını nəzərdə tuturlar.

Bonus-Malus sistemi nədir?

Bonus-Malus sistemi İcbari Sığorta Bürosunun İnformasiya Sisteminin tərkib hissəsidir. Bu sistem avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə Bonus-Malus (BM) siniflərini müəyyən edir, hər bir BM subyektinin son 11 il üzrə sığortalanma tarixi barədə məlumatların uçotunu aparır. Ən əsası, Banus-Malus sistemi vasitəsilə hər bir avtomobil sahibinin hansı BM sinfinə aid olduğu müəyyənləşdirilir. Nəticədə, həmin şəxslər üçün icbari sığorta haqqı bu siniflərə uyğun olan əmsallar əsasında hesablanır.

Cədvəl 1. Bir illik sığorta haqqı məbləğinin hesablanması üçün avtonəqliyyat vasitəsinin növünə görə tətbiq olunan əmsallar

Avtonəqliyyat vasitəsinin növü

Əmsallar

1.

Minik avtomobilləri və onların bazasında istehsal

edilmiş digər avtonəqliyyat vasitələri (mühərrikin

həcminə görə)

50-1500 sm3

1,00

1501-2000 sm3

1,50

2001-2500 sm3

2,00

2501-3000 sm3

2,50

3001-3500 sm3

3,00

3501-4000 sm3

3,50

4001-4500 sm3

4,00

4501-5000 sm3

4,50

5000 sm3-dən çox

5,00

2.

Avtobus, mikroavtobus və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri (sərnişin yerlərinin sayına görə)

9-16

3,00

16-dan artıq

4,00

3.

Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri (icazə verilən maksimum kütləsinə görə)

3500 kq-dək

3,00

3501-7000 kq

4,00

7000 kq-dan yuxarı

5,00

4.

Motosiklet və motorollerlər

1,00

5.

Qoşqu və yarımqoşqular

0,50

6.

Traktor, yol-tikinti işlərində, meşə və kənd

təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri

1,00

7.

Trolleybus və tramvaylar

2,00

Cədvəl 1. Bonus-Malus sinifləri və əmsalları

BM siniflər

BM əmsallar

17

0,45

16

0,50

15

0,55

14

0,60

13

0,65

12

0,70

11

0,75

10

0,80

9

0,85

8

0,90

7

0,95

6

1,00

5

1,25

4

1,60

3

2,00

2

2,45

1

3,00

Cədvəl 3. Bonus-Malus sinfinin müəyyənləşdirilməsi

ABM sinfi

FBMS-in BM sinfi

1 sığorta

hadisəsi

2 sığorta

hadisəsi

3 sığorta

hadisəsi

4 və daha çox

sığorta hadisəsi

17

12

9

3

1

16

11

8

3

1

15

11

8

3

1

14

10

7

3

1

13

9

7

3

1

12

8

6

2

1

11

8

6

2

1

10

7

5

2

1

9

6

5

2

1

8

6

4

2

1

7

5

4

1

1

6

4

3

1

1

5

4

3

1

1

4

3

2

1

1

3

2

2

1

1

2

1

1

1

1

1

1

1

1

1

Cədvəl 4. Mühərrikinin həcmi 4000 sm3 olan «Toyota Prado» avtomobili üçün müxtəlif BM sinifləri üzrə sığorta haqqının məbləği

BM siniflər

BM əmsallar

17

78,75 manat

16

87,50 manat

15

96,25 manat

14

105,00 manat

13

113,75 manat

12

122,50 manat

11

131,25 manat

10

140,00 manat

9

148,75 manat

8

157,50 manat

7

166,25 manat

6

175,00 manat

5

218,75 manat

4

280,00 manat

3

350,00 manat

2

428,75 manat

1

525,00 manat

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR