ABA kart məlumatlarını fırıldaqçılardan qorumağa dair məlumat yayıb - VİDEO

ABA kart məlumatlarını fırıldaqçılardan qorumağa dair məlumat yayıb - VİDEO
# 23 aprel 2021 13:20 (UTC +04:00)

Rəqəmsal ödənişlərin inkişafı və qlobal pandemiya ilə əlaqədar olaraq elektron ticarət əməliyyatlarının həcmində müşahidə edilən kəskin artım fonunda ötən dövrdə kart istifadəçisinə aid olan məlumatların müxtəlif üsullarla ələ keçirilməsi və nəticədə pul vəsaitlərinin səlahiyyətsiz formada mənimsənilməsi halları həyata keçirilən tədbirlərə baxmayaraq yenidən artmaqdadır.

Bu barədə "APA-Economics"ə Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.

Bildirilir ki, fırıldaqçılar məhsul və xidmətlərin alışı müqabilində etibarlı alıcı qismində çıxış edərək ödənişin həyata keçirilməsi, habelə bank adından çıxış edərək müxtəlif bəhanələrlə, o cümlədən, ödəniş kartı rekvizitlərinin yoxlanılması, yeni bank xidmətinə qoşulma adı altında kart istifadəçisinə məxsus ödəniş kartı məlumatlarını əldə edirlər. Bu üsulla ödəniş kartının üzərində əks olunan 16 rəqəmli nömrə, qüvvədə olma tarixi və CVV kod ilkin mərhələdə əldə edilir. Müştərinin “3D Secure” xidmətinə qoşulduğu təqdirdə, əməliyyatın başa çatdırılması üçün sonradan SMS məlumatlandırma əsasında əldə edilən birdəfəlik şifrə kart istifadəçisindən alınır. Ödəniş kartı ilə əməliyyatın aparılması zamanı kart istifadəçisi tərəfindən qorunmalı olan bütün zəruri məlumatlar daxil edildiyindən sonradan pul vəsaitinin geri ödənilməsi mümkün olmur.

ABA-nın məlumatında qeyd edilir ki, ödəniş kartlarına pul vəsaitinin köçürülməsi üçün ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə kifayətdir və kart istifadəçiləri heç bir halda ödəniş kartının FİN kodunu, son bitmə tarixini, kartın arxasında yerləşən CVV (3 rəqəmli) kodu, SMS məlumatlandırma əsasında əldə etdikləri birdəfəlik şifrəni (4 və ya 6 rəqəmli) digər şəxslərə, hətta bank əməkdaşlarına və ya özünü bank əməkdaşı qismində təqdim edən şəxslərə təqdim etməməlidir. Qeyd olunan məlumatların kənar şəxslərə təqdim edilməsi kart hesabınızdan vəsaitin silinməsinə səbəb ola bilər.

Bundan əlavə, bank(lar) tərəfindən telefon zəngləri və ya digər formada ödəniş kartına dair məlumatların təqdim olunması ilə bağlı kart istifadəçilərinə müraciətlər edilmir. Belə hallarla zamanı dərhal ödəniş kartının üzərində olan əlaqə telefonları ilə əlaqə saxlamaq gərəkdir.

ABA qeyd edir ki, fırıldaqçılıq halları ilə əlaqədar əhalinin məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) birgə əməkdaşlığı çərçivəsində animasiya formasında video-çarx hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR