ADİF ləğv prosesində olan banklarda qorunan əmanətlər üzrə 61,6 mln. manat kompensasiya ödəyib

ADİF ləğv prosesində olan banklarda qorunan əmanətlər üzrə 61,6 mln. manat kompensasiya ödəyib
# 18 iyun 2020 17:50 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan "Atabank", "Amrahbank", "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə qorunan əmanətlər üzrə 17 iyun 2020-ci il tarixinə "Kapital Bank" və Azərbaycan Beynəlxalq Bankı vasitəsilə 61,6 mln. manat kompensasiya ödəyib.

Bu barədə "APA-Economics"ə Fonddan məlumat verilib.

Bildirilib ki, ləğv prosesində olan "Atabank" və "Amrahbank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank"ın adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

Ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada Azərbaycan Beynəlxalq Bankının adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Qeyd olunur ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR