AMB Rəqəmsal İdentifikasiya Sistemini istismara verib

AMB Rəqəmsal İdentifikasiya Sistemini istismara verib
# 13 oktyabr 2020 12:02 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ABŞ-ın IBM şirkəti ilə birgə Rəqəmsal İdentifikasiya Sistemi (RİS) yaradılıb.

ABM-dən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan Prezidentinin ölkədə maliyyə inklüzivliyinin artırılması, o cümlədən ən qabaqcıl beynəlxalq təcrübəni öyrənərək ölkəyə gətirilməsi, rəqəmsal transformasiya tədbirlərinin sürətləndirilməsi, elektron maliyyə-bank xidmətlərinin genişləndirilməsi və bu xidmətlərin əhali üçün daha əlçatan edilməsi ilə bağlı verdiyi tapşırıqlardan irəli gələrək Mərkəzi Bank tərəfindən bir sıra strateji layihələr və ardıcıl işlər həyata keçirilməkdədir. Qeyd olunanları, habelə ölkə başçısının 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"ndan irəli gələn prioritet hədəfləri nəzərə alaraq, sözügedən sistem yaradıldı.

Qeyd edilən layihə çərçivəsində ölkədə ilk dəfə "Hyperledger Fabric blokçeyn" platforması tətbiq edilmiş və məlumatların həmin paylanılmış reyestr texnologiyasına əsaslanan verilənlər bazasında tam məxfiliyi qorunmaqla saxlanılması təmin edilmişdir. Eyni zamanda, təklif olunan elektron bank xidmətlərinin əhatə dairəsinin artırılması, "müştəri-bank" münasibətlərinin daha müasir müstəvidə qurulması, həmin xidmətləri ən son texnoloji həllər üzərində yaradaraq keyfiyyətcə yeni mərhələyə qaldırılması və bununla da müştəri məmnunluğunun yüksəldilməsi əsas hədəflərdən biri olub.

Layihə çərçivəsində hüquqi və fiziki şəxslər tərəfindən məsafədən maliyyə-bank xidmətləri əldə edilən zaman Öz Müştərini Tanı siyasətinə uyğun olaraq onların identifikasiya edilməsi ilə pilot olaraq bank hesablarının açılması və ödəniş kartlarının əldə olunması imkanı yaradılmışdır. Bununla da şəxslərin banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə edilməsi, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsi zərurətinin aradan qaldırılması, o cümlədən məlumatların tamlığı, əlçatanlığı və məxfiliyi təmin edilib.

Sözügedən rəqəmsal bank xidmətləri RİS-in xüsusi təyinatlı altsistemlərinin müvafiq internet səhifələri (https://bankid.az, https://bankmartket.az) və mobil tətbiqi ("Android" və "iOS" platformalı) vasitəsilə daha əlçatan olub. Hazırda Azərbaycan Beynəlxalq Bankı, "AccessBank", "Azər-Türk Bank", "Bank Respublika", "Expressbank", "Kapital Bank", "Muğanbank", "Rabitəbank", "Unibank", "Bank VTB (Azərbaycan)" RİS-ə inteqrasiya olunub.

"Gələcəkdə adıçəkilən sistemin funksional imkanlarının və əhatə dairəsinin genişləndirilməsi, o cümlədən xidmət təchizatçılarının sayının və göstərilən rəqəmsal xidmətlərin çeşidinin artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunacaq", - AMB-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR