AMB və "Mastercard" arasında memorandum imzalanıb

AMB və "Mastercard" arasında memorandum imzalanıb
# 28 aprel 2021 12:29 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq kart təşkilatları ilə effektiv əməkdaşlıq çərçivəsində "Mastercard" beynəlxalq kart təşkilatı ilə növbəti strateji dövrdə ölkə üzrə rəqəmsal ödənişlərin inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıb.

"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, ötən illər ərzində AMB-nin strateji tərəfdaşı qismində çıxış etmiş "Mastercard" təşkilatı ilə birlikdə "Nağdsız Azərbaycan" layihəsi reallaşdırılıb, habelə "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində bir sıra uğurlu layihələrə imza atılıb.

Qarşılıqlı əməkdaşlıq çərçivəsində aidiyyəti qurumların dəstəyi ilə ölkədə ilk dəfə təhsil sahəsində multifunksiyalı "Smart təhsil kartı", nəqliyyat sahəsində pilot olaraq seçilmiş şəhərlərdə sərnişindaşımada gediş haqlarının təmassız kartlarla ödənilməsi kimi layihələr icra edilib, nağdsız ödənişlərdən istifadənin stimullaşdırılması məqsədilə çoxsaylı kampaniyalar təşkil olunub, rəqəmsal ödənişlər barədə ictimai məlumatlılığın artırılması üzrə silsilə tədbirlər həyata keçirilib.

Rəqəmsal ödənişlərin davamlı inkişafı məqsədilə imzalanmış yeni strateji anlaşma texnoloji innovasiyalardan istifadə etməklə maliyyə inklüzivliyinin genişləndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri üçün innovativ ödəniş alətlərinin tətbiqinin dəstəklənməsi, nağdsız ödənişlərə inamın artırılması üçün müxtəlif hədəf qrupları üçün seminar və təlimlərin təşkili, kibertəhlükəsizlik, süni intellekt və ən son texnoloji trendlərlə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsi kimi sahələrdə əməkdaşlığın davam etdirilməsini ehtiva edir.

AMB ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində beynəlxalq təşkilatların təşəbbüslərini dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini daima diqqət mərkəzində saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR