AMB yeni maliyyə alətlərinin geniş istifadəsini dəstəkləyəcək

AMB yeni maliyyə alətlərinin geniş istifadəsini dəstəkləyəcək
# 07 sentyabr 2020 12:01 (UTC +04:00)

Azərbaycan Prezidentinin ölkədə əhalinin və biznesin maliyyə resurslarına çıxışının genişləndirilməsi və kənd yerlərində maliyyə inklüzivliyinin artırılması ilə bağlı verdiyi tapşırıqlardan irəli gələrək Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bir sıra strateji layihələr və ardıcıl işlər həyata keçirilməkdədir.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində iqtisadi subyektlərin daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının genişləndirilməsi məqsədilə 2018-ci ildə istifadəyə verilən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) daha təkmil texnoloji platformada yenidən qurulub. Yenilənən DƏYDR (https://mpcr.e-cbar.az) müasir texnoloji və təhlükəsizlik tələblərinə tam cavab verməklə yanaşı onun digər dövlət informasiya sistemləri ilə inteqrasiya edilməsi imkanları yaradılıb.

İqtisadi subyektlərin yaradılan DƏYDR platformasından aktiv istifadəsini təşviq etmək məqsədilə xidmət haqlarının əhəmiyyətli aşağı salınması istiqamətində mövcud hüquqi-normativ bazaya dəyişikliklər edilib.

“Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanına Azərbaycan Prezidentinin 2020-ci il 04 sentyabr tarixli Fərmanı ilə dəyişikliklər təsdiq edilib. Nəticədə, DƏYDR-də xidmət haqqları yüklülük bildirişinin daxil edilməsi üçün 10 manat, yüklülüyə dəyişiklik bildirişinin daxil edilməsi üçün 6 manat və axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün isə 6 manat məbləğindən müvafiq olaraq 2, 1 və 1 manata endirilib.

Mərkəzi Bank tərəfindən bu istiqamətdə görülən işlər ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının gücləndirilməsi və yeni maliyyə alətlərindən geniş istifadəsini dəstəkləyəcək.

Yaradılmış platforma kredit müraciətləri zamanı təminatla bağlı çətinliklərin aradan qaldırılması və regionlarda əhali üçün daha rahat kreditləşmə vasitələrinin yaradılması imkanlarını genişləndirəcək.

Bütövlükdə, bütün bunlar ölkədə maliyyə vasitəçiliyini genişləndirəcək və maliyyə-bank sektorunun səmərəliliyini artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR