ARDNF bu il dövlət büdcəsinə 8,8 mlrd. manatdan çox vəsait transfert edib

ARDNF bu il dövlət büdcəsinə 8,8 mlrd. manatdan çox vəsait transfert edib
# 21 oktyabr 2020 14:33 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin mədaxili 17 964,6 mln. manat təşkil edib ki, bu da proqnoza qarşı 206,5 mln. manat və ya 1,2%, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1 093,2 mln. manat və ya 6,5% çoxdur.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Hesabat dövründə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5 672,6 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 155,6 mln. manat və ya 2,8%, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 63,8 mln. manat və ya 1,1% çoxdur. Həmin vəsaitin 74,9%-i və yaxud 4 249,9 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 321,1 mln. manat və ya 8,2% çoxdur.

2020-ci ilin doqquz ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 955,3 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 33 mln. manat və ya 1,1% çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 373,9 və 110,3 mln. manat vəsait büdcəyə daxil olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 8 852,5 mln. manat vəsait transfert edilib.

Xərclərə gəldikdə, 2020-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,6% və yaxud 18 642,2 mln. manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1 951,6 mln. manat və ya 11,7% çoxdur.

Hesabat dövründə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 38,5%-i və ya 7171,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% və ya 1 283,0 mln. manat çoxdur.

2020-ci ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 12 188,0 mln. manatı və ya 65,4%-i cari xərclərə, 4 927,6 mln. manatı və ya 26,4%-i əsaslı xərclərə, 1 526,6 mln. manatı və ya 8,2%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Hesabat dövründə dövlət büdcəsinin kəsiri 677,6 mln. manat təşkil edib və ya 1 156,6 mln. manat məbləğində proqnozlaşdırılan kəsirdən 479 mln. manat və ya 41,4% az olub. Kəsirin örtülməsi nəzərdə tutulduğu kimi özəlləşmədən daxilolmalar, xaricdən cəlb edilən kreditlər, daxili borclanma və vahid xəzinə hesabının qalığı hesabına təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR