ARDNF bu il valyuta satışını azaldıb

#
# 15:46
30 aprel 2021

Bu ilin aprel ayında Azərbaycan Respublikası Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 510 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankı (AMB) və ARDNF-nin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici mart ayı ilə müqayisədə 28,2% artıb, 2020-ci ilin aprel ayı ilə müqayisədə isə 4% azalıb.

Cari ilin yanvar-aprel aylarında Neft Fondu valyuta hərraclarında 1,990 mlrd. dollar məbləğində vəsait satıb ki, bu da 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 39,8% azdır.

Ötən il ərzində Neft Fondu valyuta hərraclarında 7,304 mlrd. dollar məbləğində vəsait satıb. Bu, 2019-cu illə müqayisədə 11% çoxdur. Son bir ildən bir qədər artıq bir müddətdə isə satışların pik həddi pandemiya ərəfəsində – mart ayına təsadüf edib – 1,928 mlrd. dollar.

Qeyd edək ki, bu gün keçirilən faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov bildirib ki, ARDNF-nin valyuta satışları qrafikdən geri qalır və Fond bu il valyuta satışlarını azaldaraq 140 mln. dollara qənaət edib.

Xatırladaq ki, bundan əvvəl ARDNF-dən "APA-Economics"ə bildirilmişdi ki, Neft Fondunun dövlət büdcəsində 12,2 mlrd. manat həcmində büdcə öhdəliyi nəzərdə tutulub və bu öhdəliyin icrası üçün Fond tərəfindən il ərzində ümumilikdə 7,17 mlrd. dollar məbləğində xarici valyuta 12 aylıq satış qrafiki əsasında satışa çıxarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR