AYİB regionunun iqtisadiyyatı bu il 3,9% azalacaq, gələn il 3,6% artacaq - PROQNOZ

AYİB regionunun iqtisadiyyatı bu il 3,9% azalacaq, gələn il 3,6% artacaq - PROQNOZ
# 01 oktyabr 2020 16:08 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il bankın üzv ölkələrində ÜDM-in 3,9% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in bankın "Regional Economic Prospects" adlı hesabatının sentyabr buraxılışına istinadən verdiyi məlumata görə, gələn il sözügedən regionda iqtisadiyyatın 3,6% artacağı gözlənilir.

Hesabatda qeyd edilir ki, 2020-ci ilin II rübündə regionda ÜDM illik nisbətdə 8,2% azalıb. Bir çox iqtisadiyyatlarda azalmalar qlobal maliyyə böhranı dövründə (2008-ci il) görülən azalmalardan daha kəskin olub. Lakin bərpa sürətinin 2008-ci ilin qlobal maliyyə böhranından sonrakı templərlə oxşar olacağı gözlənilir.

AYİB ölkələrində tələb və təklif pandemiyanın zərərli təsirlərini yumşaltmaq üçün daxili tədbirlər səbəbindən kəskin təzyiqlə üzləşib. Əsas şoklar aşağı əmtəə qiymətləri, ixracın azalması, turizm sektorunun çökməsi və pul köçürmələrinin azalması olub.

Konkret bölgələrə gəldikdə, Mərkəzi Avropada və Baltikyanı ölkələrdə ÜDM istehsalının 2020-ci ildə 4,4% azalacağı, 2021-ci ildə isə 3,5% artacağı gözlənilir.

Turizm sektoruna böyük təsir göstərən sərt məhdudlaşdırma tədbirləri 2020-ci ildə Avropa İttifaqının cənubundakı iqtisadi artımı zəiflədib. Sözügedən regionda ÜDM-in 2020-ci ildə 6,5% azalacağı, 2021-ci ildə isə 3,3%-dək artacağı gözlənilir. Bu il Qərbi Balkanların iqtisadiyyatının da turizm sektorunun çökməsi ilə əlaqədar 5,1% azalması proqnozlaşdırılır.

Bundan əlavə, COVID-19 böhranı və neft qiymətlərindəki enmə nəticəsində Rusiyada ÜDM-in 2020-ci ildə 4,5% azalacağı proqnozlaşdırılır. Milli İqtisadi Bərpa Planının tətbiqi bəzi mənfi təsirləri azaltmağa kömək etdiyini nəzərə alaraq, AYİB 2021-ci ildə Rusiya iqtisadiyyatının 3% səviyyəsində artacağını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR