"AzerGold" ilk dəfə olaraq istiqraz emissiya edəcək

"AzerGold" ilk dəfə olaraq istiqraz emissiya edəcək
# 08 sentyabr 2020 11:11 (UTC +04:00)

"AzerGold" QSC tərəfindən yaxın gələcəkdə Bakı Fond Birjası vasitəsi ilə ilk dəfə olaraq istiqrazların tədavülə buraxılması planlaşdırılır.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında Cəmiyyət tərəfindən qızıl üzrə nəzərdə tutulmuş plandan 4 752 unsiya daha çox olmaqla, ümumilikdə 39 312 unsiya qızıl hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur. “AzerGold” ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına 68,5 mln. ABŞ dolları (116,4 mln. manat) məbləğində vəsait cəlb edib. Cari ilin 8 ayında qızıl və gümüş ixracından əldə edilən gəlir ötən ilin analoji dövrü ilə müqayisədə 32%, yaxud 16 mln. dollar (28 mln. manat) çoxdur.

“Sadalanan iqtisadi nəticələr istismarı edilən yalnız bir – “Çovdar” qızıl yatağında həyata keçirilən fəaliyyət sayəsində əldə olunub. Hazırda yeni yataqların istismara hazırlanması istiqamətində də intensiv işlər davam etdirilir. Təbii ki, bu sahədə işlərin icrasına kifayət qədər böyük maliyyə vəsaiti tələb olunur. Yeni yataqların işlənməsi, eləcə də əldə olunan müsbət iqtisadi artım göstəricilərinin daha yüksək dinamika ilə davamlılığının təmin edilməsi üçün Cəmiyyət tərəfindən kapital qoyuluşu həyata keçirilməkdədir”. “AzerGold” QSC mənfəətlə çalışan dövlət şirkəti olaraq yeni layihələrə sərmayə qoyuluşunu təkcə əldə etdiyi gəlirlər (QSC-nin ötənilki fəaliyyəti nəticəsində əldə edilmiş 21 mln. manat həcmində xalis mənfəətin 15 mln. manatını nizamnamə kapitalına yönəldilməsi qərara alınıb) və dövlət hesabına deyil, həm də alternativ maliyyə mənbələrinin hesabına həyata keçirməyi qarşıya məqsəd qoyub. Bu xüsusda qeyd olunan maliyyə mənbələrinin sırasına istiqrazların emissiyası da daxildir. Belə ki, yaxın gələcəkdə Bakı Fond Birjası vasitəsi ilə ilk dəfə olaraq istiqrazların tədavülə buraxılması planlaşdırılır”, - deyə QSC-dən bildirilib.

“AzerGold”dan əlavə ediblər ki, planlaşdırılan qiymətli kağızların emissiyası təkcə QSC-nin investisiya portfelinin şaxələndirilməsi deyil, eləcə də vətəndaşlar üçün mənfəətli investisiya imkanları yaratmaq məqsədi daşıyır.

İstiqrazların emissiyasından cəlb ediləcək vəsaitin isə “Çovdar” (Daşkəsən), “Köhnəmədən” (Balakən) və “Qaradağ” (Şəmkir-Gədəbəy) layihələri üzrə yeni yataqların resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərə tutulub. Adıçəkilən layihələrin istismarı yerləşdiyi bölgədə sosial-iqtisadi inkişafa töhfə verməklə yanaşı ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsinə imkan yaradacaq.

“Cəmiyyətin fəaliyyətinin nəticələrinin yüksək mənfəətliliklə müşayiət olunması tədavülə buraxılacaq qiymətli kağızların daha etibarlı və dayanıqlı olmasına təminat verir. Yeni istiqrazlar “AzerGold”un uzun müddətli inkişafında pay sahibi olmaqla yanaşı, qiymətli kağızlar bazarının daha da inkişaf etməsinə təkan verəcək”, - QSC-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR