Azərbaycan bu il dövlət borcuna xidmətlə bağlı 881 mln. manat xərcləyib

#
# 09:41
16 iyul 2020

"Bu ilin birinci yarısında Azərbaycanda dövlət büdcəsinin icrası gözlənildiyindən yaxşı olub. Koronavirus pandemiyası ilə bağlı üzləşdiyimiz digər xarici şokların, - mən, ilk növbədə, istehlak tələbinin azalması və onun nəticəsində neft və neft məhsullarının qiymətlərinin enməsini nəzərdə tuturam, - cari ildə ölkə iqtisadiyyatı üçün törətdiyi mənfi fəsadlara rəğmən büdcə gəlirləri üzrə proqnozlar artıqlaması ilə icra olunub".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edərkən deyib.

O bildirib ki, dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9% və ya 338 mln. manat çox icra olunmaqla 12,023 mln. manat təşkil edib. Daxilolmalar üzrə proqnoz göstəricilərini İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti 327 mln. manat və yaxud 8,9%, Dövlət Gömrük Komitəsi 98 mln. manat və ya 5,1% artıqlaması ilə icra edib. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti üzrə daxilolmalar 100%, digər daxilolmalar üzrə proqnoz isə 15,2 mln. manat çox icra olunub. Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə proqnozun 102 mln. manat az, dövlət büdcəsi xərclərinin isə 105 mln. manat artıq və ya 100,9% icra olunmasına baxmayaraq, 2020-ci il 1 iyul tarixinə dövlət büdcəsində 292 mln. manat məbləğində və ya proqnozdan 233 mln. manat çox profisit yaranıb.

"Hesabat dövründə dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulmuş bütün dövlət vəzifələrinin, sosial proqram və layihələrin icrası tam həcmdə təmin edilib. Altı ay ərzində maliyyələşdirilmiş 11 734,1 mln. manat büdcə xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 42,5% olub və yaxud 4,984 mlrd. manat təşkil edib. 2019-cu ilin eyni dövrü ilə müqayisədə cari ilin altı ayında səhiyyə xərclərinə 75,8% və yaxud 287 mln. manat, təhsil xərclərinə 53,5% və yaxud 517 mln. manat, sosial müdafiə və sosial təminat xərclərinə 13,2% və yaxud 196 mln. manat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 85,3% və yaxud 260 mln. manat çox vəsait yönəldilib", - deyə nazir bildirib.

S. Şərifov əlavə edib ki, dövlət investisiya proqramı çərçivəsində investisiya layihələrinin həyata keçirilməsi üçün ayrılmış vəsaitin 44,3%-nin və yaxud 1,835 mlrd. manatının maliyyələşdirilməsi təmin edilib. Dövlət borcuna xidmətlə bağlı xərclər isə 881 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR