Azərbaycan əhalisinin bank əmanətlərində dollarlaşma 54%-ə çatıb

Azərbaycan əhalisinin bank əmanətlərində dollarlaşma 54%-ə çatıb
# 25 iyul 2020 14:40 (UTC +04:00)

Azərbaycanda fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi cari il iyulun 1-nə 54% təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, əhalinin bank əmanətlərində dollarlaşma ilin əvvəli ilə müqayisədə 1,84 faiz bəndi artıb. Aylıq müqayisədə isə stabillik olub, təxminən 0,05 faiz bəndi artım qeydə alınıb.

Məlumata əsasən, fiziki şəxslərin Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında xarici valyutada yerləşdirilmiş əmanətlərinin həcmi aylıq 0,7% artıb, ilin əvvəlinə nisbətən isə 7,6% azalıb.

Qeyd edək ki, fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi ilin əvvəlində 52,16% olub.

Bu il iyulun 1-nə fiziki şəxslərin Azərbaycandakı kommersiya banklarında yerləşdirilmiş əmanətlərinin həcmi 7 706,4 mln. manat təşkil edib. Bu vəsaitin də 3 545,0 mln. manat və ya 46%-i milli valyuta, 4 161,4 mln. manat və ya 54%-i xarici valyutada yerləşdirilib.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edib.

Fonda üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR