Azərbaycan əhalisinin bank əmanətlərində dollarlaşma azalıb

Azərbaycan əhalisinin bank əmanətlərində dollarlaşma azalıb
# 26 avqust 2020 14:53 (UTC +04:00)

Azərbaycanda fiziki şəxslərin bank əmanətlərində dollarlaşma səviyyəsi cari il avqustun 1-nə 52,6% təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, əhalinin bank əmanətlərində dollarlaşma aylıq müqayisədə 1,4 faiz bəndi, illik müqayisədə isə 3,8 faiz bəndi azalıb. (bu il iyulun 1-nə 54%, ötən il avqustun 1-nə 56,4)

Məlumata əsasən, fiziki şəxslərin Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında xarici valyutada yerləşdirilmiş əmanətlərinin həcmi aylıq 1,7%, illik isə 15,4% azalıb.

Bu il avqustun 1-nə fiziki şəxslərin Azərbaycandakı kommersiya banklarında yerləşdirilmiş əmanətlərinin həcmi 7 774,2 mln. manat təşkil edib. Bu vəsaitin də 3 684,9 mln. manat və ya 47,4%-i milli valyuta, 4 089,3 mln. manat və ya 52,6%-i xarici valyutada yerləşdirilib.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edib.

Fonda üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR