Azərbaycana avtomobil idxalı yanvar-oktyabrda 21% artıb

Azərbaycana avtomobil idxalı yanvar-oktyabrda 21% artıb
# 16 noyabr 2020 16:44 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 42 827 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20,8% çoxdur.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ölkəyə 39 853 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 24,8% çoxdur.

Bundan başqa, bu ilin 10 ayında ölkəyə 2 705 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 7,8% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 156 ədəd (azalma 64,6%) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 113 ədəd (35 ədəd az) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkəyə 4 056 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 142 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Ümumi olaraq, yanvar-oktyabr aylarında avtomobil idxalının dəyəri 511 375,39 min ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR