Azərbaycanda illik inflyasiya 3,9% təşkil edib

Azərbaycanda illik inflyasiya 3,9% təşkil edib
# 16 aprel 2021 12:25 (UTC +04:00)

Bu ilin mart ayında Azərbaycanda istehlak qiymətləri fevral ayı ilə müqayisədə 0,9% artıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-mart aylarında isə illik inflyasiya 3,9% təşkil edib.

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2021-ci ilin mart ayında fevral ayı ilə müqayisədə 0,5%, 2021-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 2,2% artıb.

2021-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 1,8%, 2021-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 4,8% artıb.

Bundan əlavə, 2021-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 0,2%, 2021-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 3,6% artıb.

Qeyd edək ki, sonuncu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, bu il Azərbaycanda inflyasiya 4% civarında olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR