Azərbaycandakı bankların mərkəzləşdirilmiş ödəniş sistemlərinə qoşulması və kənarlaşdırılması proseduru müəyyənləşib

Azərbaycandakı bankların mərkəzləşdirilmiş ödəniş sistemlərinə qoşulması və kənarlaşdırılması proseduru müəyyənləşib
# 25 avqust 2020 18:18 (UTC +04:00)

Azərbaycanda bankların Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sisteminə (AÖS) qoşulması, sistemlərdə fəaliyyətinin müvəqqəti dayandırılması və sistemlərdən kənarlaşdırılması proseduru müəyyənləşib.

APA-nın məlumatına görə, Mərkəzi Bankın İdarə Heyəti bununla bağlı “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”na yeni – 7-1-ci hissə əlavə edib.

Sistemlərə qoşulan iştirakçılar AZIPS, XÖHKS və AÖS-də ödəniş əməliyyatları həyata keçirən bank, Mərkəzi Bank tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs və AZIPS-ə qoşulmuş bank vasitəsilə likvidliyin təmin edilməsi yolu ilə AÖS-də əməliyyatların həyata keçirilməsində iştirak edən hüquqi şəxsdir.

Beləliklə, sistemlərə yeni qoşulan iştirakçı qoşulma protokolunu imzalayacaq. Mərkəzi Bank yeni qoşulan iştirakçı haqqında elektron və ya kağız daşıyıcıda digər iştirakçılara məlumat göndərəcək. Mərkəzi Bank iştirakçının sistemlərdə fəaliyyətini aşağıdakı hallarda müvəqqəti dayandıracaq:

- səlahiyyətli dövlət orqanları tərəfindən iştirakçının əməliyyatlarının dayandırılması haqqında sərəncam və ya onun hesabına həbs qoyulması barədə qərar daxil olduqda;

- iştirakçının rəsmi müraciəti (elektron və ya kağız daşıyıcıda) ilə sistemdən istifadə ilə bağlı texniki problemin yaranması barədə Mərkəzi Banka məlumat daxil olduqda.

İştirakçının sistemlərdə fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra Mərkəzi Bank iştirakçının sistemlərdə fəaliyyətini dərhal bərpa edəcək və bu barədə ona elektron və ya kağız daşıyıcıda məlumat göndərəcək. İştirakçının bank lisenziyası ləğv olunduqda, iştirakçı müflis elan olunduqda və ya məhkəmənin qərarı ilə ləğv edildikdə Mərkəzi Bank xəbərdarlıq etmədən həmin iştirakçını sistemlərdən kənarlaşdıracaq. Mərkəzi Bank kənarlaşdırılmış və ya sistemdə iştirakına xitam verilməsi ilə bağlı müraciət etmiş iştirakçı barədə sistemin digər iştirakçılarına elektron və ya kağız daşıyıcıda məlumat göndərəcək.

İştirakçının bank lisenziyası ləğv olunduqda, iştirakçı müflis elan olunduqda və ya məhkəmənin qərarı ilə ləğv edildikdə iştirakçının sistemdə gələcək valyutalaşma tarixli və gözləmə rejimində olan ödənişləri müvafiq olaraq iştirakçının sistemdən kənarlaşdırılması və ya sistemdə iştirakına xitam verilməsi anından ləğv ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR