Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 1,1% artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 1,1% artıb
# 14 aprel 2021 15:11 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,5 mlrd. manatlıq, o cümlədən 5,2 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,3 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,1%, o cümlədən qeyri-ərzaq malları üzrə 4,7% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,1% artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6%-i ərzaq məhsullarının, 5,8%-i içkilər və tütün məmulatlarının, 16,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 5%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 25,8%-i ticarət müəssisələri, 50,1%-i fərdi sahibkarlar tərəfindən, 24,1%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,3%, fərdi sahibkarlar üzrə 3,7% artıb, bazar və yarmarkalarda isə 16,3% azalıb.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 318,1 manatlıq, o cümlədən 172,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,2 manatlıq qeyri-ərzaq malları alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR