Deputat: "Koronavirusa görə təqaüdçülərin istənilən bankdan pul çıxara bilməsinə şərait yaradılmalıdır"

Deputat: "Koronavirusa görə təqaüdçülərin istənilən bankdan pul çıxara bilməsinə şərait yaradılmalıdır"
# 02 aprel 2020 14:10 (UTC +04:00)

“Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan qanunlara təklif edilən son dəyişikliklərə əsasən, cərimələrin 7%-i miqdarında dövlət büdcəsinə köçürüləcək. Ancaq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq yekdilliklə belə düşünürük ki, ümumiyyətlə, həmin cərimələrin hamısı birbaşa dövlət büdcəsinə köçürülsün”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

V. Əhmədov deyib ki, hansısa dövlət orqanı cərimələrin 30%, hansısa dövlət orqanı cərimələrin 50%-ni özündə saxlayır: “Yekdil fikirdəyik ki, indi olmasa da, gələcəkdə cərimələrin birbaşa hamısı dövlət büdcəsinə köçürülsün. Sonra dövlət büdcəsindən hansı orqana lazımdırsa, onun əməkdaşlarının maaşları artırılsın. Bu, eyni zamanda şəffaflığı təmin edəcək”.

Millət vəkili deyib ki, komitənin iclasında millət vəkilləri koronvirusla bağlı xüsusilə işləməyən insanlara da müəyyən vəsaitlərin verilməsini təklif ediblər: “Bu məsələ də öz həllini tapmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bununla bağlı təkliflərini hələ açıqlamayıb. Bizə ən çox şikayətlər işləməyən, yaxud günəmuzd çalışan insanlardan gəlir. Yəqin ki, nazirlik təkliflər paketində həmin şəxsləri də nəzərə alacaq. Millət vəkilləri kimi, bizi ən çox narahat edən məsələlərdən də biri təqaüdçülərin problemidir. Təqaüd alan şəxslər bunu almaq üçün bankomatlar qarşısında növbələrə dayanmağa məcburdurlar. İclasda bu məsələyə də toxunuldu. Doğrudur, Yeni Azərbaycan Partiyası təqaüdçülərə kömək etmək üçün müəyyən qruplar təşkil edib. Amma təqaüd alan şəxslər kartlarını heç kimə vermək istəmirlər. Hesab edirik ki, ümumiyyətlə, bu ödəniş məsələsini həll etmək lazımdır. Yalnız Beynəlxalq Bank və Kapital Bankdan deyil, koronavirus müddətində istənilən bankdan faiz çıxmadan təqaüdçülər öz vəsaitlərini çıxara bilməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR