Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu dəyişib

Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu dəyişib
# 07 oktyabr 2020 11:17 (UTC +04:00)

Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının COVID-19 pandemiyasının fonunda 4,2% azalacağını proqnozlaşdırır.

Bu barədə "APA-Economics" Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə dərc olunmuş yenilənmiş hesabatına istinadən xəbər verir.

Qeyd edilir ki, sözügedən proqnoz iyun ayında verilən proqnozdan 1,6 faiz bəndi çoxdur. Hesabatda verilən məlumata görə, 2021-ci ildə ölkədə ÜDM 1,9% artacaq və bu, ötən proqnozdan 0,3 faiz bəndi azdır. 2022-ci ildə isə ÜDM-in 2,8% artacağı gözlənilir.

Bankın hesabatına əsasən, bədbin ssenaridə Azərbaycan iqtisadiyyatının gələn il artımı daha zəif – 1,1% səviyyəsində ola bilər.

Dünya Bankı hesab edir ki, Azərbaycan hazırda COVID-19 pandemiyasının və neft qiymətlərinin azalmasının səbəb olduğu şoklarla üzləşir və bu da, öz növbəsində, pul köçürmələrinin, gəlir və istehlakın azalma templərinin daha da artmasına gətirib çıxarır. Bundan əlavə, pandemiya ilə əlaqəli artan qeyri-müəyyənlik və Ermənistanla artan gərginlik fonunda investisiyaların həcmi azalıb. Eyni zamanda, bölgədəki şiddətli quraqlıq nəticəsində Azərbaycanda kənd təsərrüfatı istehsalı da azalıb.

Lakin banka görə, neft qiymətlərinin sabitləşməsi ilə əlaqədar 2021-ci ildə Azərbaycan iqtisadiyyatının aktivliyinin bərpası gözlənilir.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda ÜDM istehsalı 2,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR