Ekspert "AzerGold" istiqrazlarının əhalinin xarici valyutada yığımları baxımından əhəmiyyətini açıqlayıb

#
# 16:00
22 sentyabr 2020

Son illər Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı istiqamətində hökumətin apardığı institutsional islahatlar nəticəsində bu sahəyə şirkətlərin marağı artmışdır. Artıq bir-birinin ardınca iri müəssisələr öz istiqrazlarını qiymətli kağızlar bazarında müxtəlif səciyyəli investorlara təqdim edirlər.

“AzerGold” QSC-də ölkənin qeyri-neft sektorunun əsas ixracatçılarından biri olaraq yerli və xarici investorlara, sıravi vətəndaşlara özünün qiymətli kağızlarını təqdim edir. Şirkət bazara ümumi dəyəri 20 mln. ABŞ dolları olan istiqraz buraxır. Əldə olunacaq vəsait şirkətin qızıl istehsalı üzrə texnoloji imkanlarının artırılması və dünya bazarına daha çox qızılın çıxarılması istiqamətində hasilatın gücləndirilməsinə sərf olunacaqdır ki, bu da şirkətin gəlirlərinin artırılması ilə yanaşı, onun istiqrazlarının dəyərinin ən azı nominal qiymətdə qorunmasına və mövqeyinin qarşıdakı illərdə möhkəmlənməsinə səbəb olacaqdır. Bu da “AzerGold” QSC-nin sərmayəçiləri üçün ən sərfəli imkanları formalaşdırır.

“AzerGold” istiqrazları illik 4%-lə, bir istiqrazın nominal dəyəri 100 dollar olmaqla müştərilərə təqdim  olunur. Şirkət öz müştərilərinə istiqrazlar üzrə gəlirləri ildə 4 dəfə,  3 aydan bir ödəməyi planlaşdırır. Bu, hətta sıravi vətəndaşlara  ABŞ dollarında olan kiçik məbləğdəki yığımları istifadəsiz saxlamaq əvəzinə, gəlir gətirən qiymətli kağızlarda saxlamağa imkan yaradır. Vətəndaşların yığımları investisiya yönləndirilmədiyi təqdirdə illik inflyasiya dərəcəsi, qiymət artımı, dəyərdən düşmə kimi riskləri nəzərə alınaraq istiqrazlar sığortalanmaq üçün olduqca əlverişli təklifdir.

“AzerGold”un son maliyyə göstəriciləri onun dayanıqlı bir şirkət olduğunu deməyə əsas verir. Belə ki, şirkətin gəlirləri 2019-cu ildə 2018-ci ilə nisbətən 47,6% yüksələrək 146,486 mln. manat təşkil edib. Həmçinin, xalis mənfəət də 2018-ci ilə nisbətən 2019-cu ildə 54.7% artaraq 21,158 mln. manat olub. Son statistik göstəricilərə əsasən “Şirkətin xalis aktivlərinin dəyəri” ilə 27 571,988 dollardır. Bütün bunlar şirkətin bazarda dayanıqlı mövqeyə sahib olduğunu ortaya qoymaqla “AzerGold”un qiymətli kağızlarının dəyərli bir investisiya aləti olacağını göstərir.

Şirkət son dövrlər dünya bazarına qızıl ixracını artırmaqdadır. Beynəlxalq aləmdə qızıl bazarının trendlərini izlədikdə görmək olar ki, qızıla olan tələbatın artması onun alış qiymətinin də böyük ölçüdə yüksəlməsinə gətirib çıxarır. Beynəlxalq ekspertlərin ortaq rəyinə əsasən, qızıla olan tələbatın növbəti illərdə də artacağı gözlənilir. Bu artım nə zaman bitəcəyi məlum olmayan pandemiya şəraiti, üstəlik zərgərlik əşyalarına tələbatın artması (xüsusi ilə Çin və Hindistanda) və geosiyasi risklərlə xarakterizə olunur.

“AzerGold” QSC-nin yeni qızıl yataqlarında apardığı işlər və ehtiyatlardan səmərəli istifadə sayəsində dünya bazarlarında artım templərinə daha cəld reaksiya verəcəyi gözlənilir. Bütün bunlar “AzerGold”un qiymətli kağızlarını yerli alıcılarla yanaşı, xarici investorlar üçün də cəlbedici edir.

“AzerGold” istiqrazlarının başlıca hədəfinin geniş xalq kütləsi olması həm də ölkədə aparılan sosial-iqtisadi siyasətə dəstək və əhalinin orta gəlirli hissəsinin öz xırda yığımlarını daha etibarlı  saxlamaq baxımından da böyük əhəmiyyət kəsb edir. Sözügedən istiqrazlar şirkət səhmlərinin alışına və bankda əmanət yatırmağa nisbətən daha təhlükəsiz şəkildə maliyyə vəsaitinin saxlanması ilə yanaşı, həm də yüksək gəlir mənbəyidir.

Həmçinin, sadə vətəndaşlar ABŞ dollarında olan yığımlarını hər hansı bir bankda əmanət hesabına yatırdıqda bundan orta hesabla illik 2% gəlir əldə etmək imkanı qazandığı halda “AzerGold” istiqrazlarından iki dəfə daha çox 4% gəlir əldə etmək imkanı yaranır. Üstəlik, istiqraz alıcısı tərəfindən istiqrazların alınması ilə bağlı vergilərin ödənilməsi nəzərdə tutulmayıb. Fiziki şəxslər vergi məcəlləsinə əsasən, faiz ödənişləri üzrə ödəmə mənbəyindən azaddırlar. Hüquqi şəxslər isə hər faiz ödənişi tarixində  ödənişin 10 faizi həcmində ödəmə mənbəyindən vergi tutmaqla öz faizlərini alacaqlar. Bank və bank təşkilatlarının faizdən əldə etdikləri gəlirlər sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab edildiyindən, onlara ödənilən faizlərdən 10% dərəcəsi ilə ödəmə mənbəyində vergi tutulmayacaq.  “AzerGold” QSC-nin bu təkliflə çıxış etməsi onun istiqrazlarının digər yatırımlara nisbətən səmərəliliyini ortaya qoyur.

Qeyd edək ki, “AzerGold” istiqrazlarının əldə edilməsi onun ilkin alışından gəlir götürməklə yanaşı, qiymətli kağızların təkrar bazarı vasitəsilə investorlar əlavə qazanc imkanları da qazanır.

“AzerGold” istiqrazlarının Bakı Fond Birjasında alıcılara təqdim edilməsi yerli alıcılar üçün onun əlçatanlığını daha da artırır. Bakı Fond Birjasında son 5 ildə aparılan infrastruktur və institutsional yenidən qurmalar nəticəsində Birjanın fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu artırlb.

Ümumilikdə, yeni istiqrazlar yerli sərmayəçilərin iri layihələrdə iştirakına imkan yaratmaqla yanaşı, hər bir alıcı üçün “AzerGold”un uzunmüddətli inkişafında pay sahibi olmaq imkanını yaratmaqla yanaşı, ümumilikdə milli iqtisadiyyat və dağ-mədən sənayesinin tərəqqisinə töhfə vermək kimi imkanlar yaradacaq.  “AzerGold” istiqrazları sadalanan fürsətləri dəyərləndirmək üçün olduqca cəlbedici vasitədir.

Ruslan Atakişiyev

İqtisadiyyat üzrə fəlsəfə doktoru,

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR