"Fitch": "OPEC+" çərçivəsində hasilat kəsirlərinin azalması neftə artan tələbatı əks etdirir

"Fitch": "OPEC+" çərçivəsində hasilat kəsirlərinin azalması neftə artan tələbatı əks etdirir
# 17 iyul 2020 10:55 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi hesab edir ki, "OPEC+" ölkələrinin avqust ayından etibarən planlaşdırılan neft hasilatının kəsirlərinin azaldılması bazarın tədricən tarazlaşmasına və neftin qiymətinin volatilliyini azaltmağa kömək edəcək. "APA-Economics" xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir.

Qeyd olunub ki, bu qərar artıq neft bazarında tələbin artaraq bərpa olunmasını əks etdirir. "Fitch"in mütəxəssislərinin fikrincə, "OPEC+" ölkələri 2020-ci ilin aprel ayında qəbul edilmiş razılaşmaya növbəti iki il ərzində dövri düzəlişlər etməklə həddən artıq və ya tələb olunandan daha az hasilat həcmlərindən qaça biləcək.

Qeyd edək ki, COVID-19 pandemiyası və neft bazarını volatilliyi fonunda, agentlik 1 mart – 10 iyul aralığında 54 neft şirkətinin reytinqlərini ən azı bir səviyyə endirib.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR