Gənclər və İdman Nazirliyində qanunsuzluqlar aşkarlanıb, 415 min manat dövlət büdcəsinə ödətdirilib

#
# 11:54
13 aprel 2021

Hesablama Palatası dövlət əsaslı vəsait qoyuluşundan və Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə ayrılan vəsaitlərdən istifadənin auditinin nəticələrini açıqlayıb.

APA-nın məlumatına görə, seçilmiş obyektlərin tikintisinə başlanma tarixindən 01.10.2020-ci il tarixinədək olan dövr əhatə olunmaqla, audit 20.10.2020-ci il tarixindən 10.11.2020-ci il tarixinədək keçirilib.

Sənədd qeyd olunur ki, nazirlik tərəfindən “Dövlət Satınalmaları haqqında” qanunun bəzi tələblərinə tam əməl edilməyərək satınalma müqavilələri bağlanıb. Məsələn, Tərtər Olimpiya İdman Kompleksinin tikintisi üzrə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən tikinti işlərinin yerinə yetirilməsi üçün bir mənbədən satınalma ilə bağlı müqavilənin bağlanmasına 28.02.2020-ci il tarixli məktubla razılıq verildiyi halda, podratçı təşkilatla 13.02.2020- ci il tarixində 645,7 min manat satınalma müqaviləsi bağlanıb. O cümlədən Nazirlik tərəfindən Lənkəran Olimpiya İdman Kompleksinin tikintisi üzrə malların (iş və xidmətlərin) satınalınması təcili tələbatın yarandığı səbəb kimi göstərilərək 30.01.2018-ci il tarixində bir mənbədən satınalma metodları tətbiq edilməsinə razılıq alınsa da, podratçı təşkilatla 2018-ci ilin may ayının sonunda, yəni 4 aydan sonra 4585,0 min manat dəyərində satınalma müqaviləsi bağlanıb.

Nazirliklə podratçı təşkilatlar arasında 4 obyekt üzrə bağlanmış 8 satınalma müqaviləsinin 14.3-cü bəndində nəzərdə tutulan müddətlərdə işlərin yerinə yetirilməsi gecikdirilmiş və müqavilənin xüsusi şərtlərinin 8.1-ci bəndinin tələblərinə uyğun gecikdirilmiş 3513 günə görə hər gün üçün 0,01% həcmində 2088705,7 manat cərimə hesablanması təmin olunmayıb. Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə 3 halda gecikdirilmiş günlərin sayı 892, hesablanmalı cərimənin məbləği 323068,4 manat,  Lənkəran Olimpiya İdman Kompleksinin tikintisi üzrə gecikdirilmiş günlərin sayı 2 halda 1584, hesablanmalı cərimənin məbləği 1038076,0 manat,  Beyləqan Olimpiya İdman Kompleksinin tikintisi üzrə gecikdirilmiş günlərin sayı 1 halda 358, hesablanmalı cərimənin məbləği 590700,0 manat, Yardımlı Olimpiya İdman Kompleksinin tikintisi üzrə gecikdirilmiş günlərin sayı 2 halda 679, hesablanmalı cərimənin məbləği 136861,3 manat hesablanır.  Obyektlərin smeta sənədlərində qüvvədə olan tikinti norma və qaydaları ilə müəyyən edilən “Qiymətləndirici”lərin düzgün tətbiq edilməməsi nəticəsində 1028671,27 manat məbləğində qiymət fərqinin yaranmasına yol verilib, “İşlərin qəbulu haqqında Akt”lara (F№2) əlavə iş həcmi daxil edilərək, podratçı təşkilatlara ƏDV ilə 415572,57 manat məbləğində artıq vəsait ödənilib. Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 170583,0 manat, Bakı şəhəri F.Xoyski prospekti 98A ünvanında yerləşən Respublika Olimpiya Mərkəzinin təmir obyekti üzrə 63662,0 manat, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 165540,0 manat, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 15787,57 manat ödənilib.

Maliyyə vəsaitlərinin idarəedilməsi üzrə düzgün olmayan qərarların qəbul edilməsi nəticəsində Tərtər Olimpiya İdman Kompleksinin tikintisi layihəsi üzrə 2014-cü ilin dekabr ayından 2015-ci ilin iyul ayına qədər 554,5 min manat, 2015-ci ilin iyul ayından 2016-cı ilin fevral ayına qədər isə 356,6 min manat dövlət vəsaiti podratçı təşkilatın istifadəsində qalıb, digər podratçı təşkilata təqdim olunan “İşlərin qəbulu haqqında Akt”la (Forma №2) qəbul edilən işlərin dəyərindən artıq vəsait ödənilməsi səbəbindən 965,0 manat debitor borcun yaranmasına yol verilib.

Nazirlikdə fəaliyyət sahələri üzrə ehtimal olunan risklərin (nöqsan və uyğunsuzluqların) əvvəlcədən qarşısının alınması (proaktiv yanaşma) məqsədilə xüsusi nəzarət fəaliyyəti təşkil olunmayıb. Obyektlərin layihələri ilə smeta sənədlərində göstərilən iş həcmləri arasında 534148,48 manat fərqin yaranmasına, “İşlərin qəbulu haqqında Akt”lara (F№2) əlavə iş həcmi daxil edilərək podratçılara ƏDV ilə 415572,57 manat məbləğində artıq vəsait ödənilməsi hallarına yol verilib. Auditor rəyində qeyd olunur ki, audit qrupu tərəfindən aşkar edilmiş faktlara (nöqsan və uyğunsuzluqlara) Gənclər və İdman Nazirliyi tərəfindən təqdim olunan cavab məktubunda verilən izahatlara və yuxarıda göstərilənlərə əsasən qeyd etmək olar ki, dövlət büdcəsindən auditi aparılan obyektlərin tikintisinə və əsaslı təmirinə ayrılan vəsaitlərin istifadəsinin audit meyarları ilə müqayisədə əhəmiyyətli uyğunsuzluq halları mövcuddur.

Təklif olunub ki, Gənclər və İdman Nazirliyi tərəfindən “İşlərin qəbulu haqqında Akt”lara (F№2) əlavə iş həcmi daxil edilərək podratçı təşkilatlara ƏDV ilə artıq ödənilmiş 415572,57 manat məbləğində vəsaitin - Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 170583,0 manatın, Bakı şəhəri F.Xoyski prospekti 98A ünvanında yerləşən Respublika Olimpiya Mərkəzinin təmir obyekti üzrə 63662,0 manatın, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 154840,0 manatın podratçı təşkilatlar tərəfindən dövlət büdcəsinə qaytarılması nəzərə alınsın. Eyni zamanda, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə podratçı təşkilata artıq ödənilmiş 10700,0 manat və Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə podratçı təşkilata artıq ödənilmiş 15787,57 manat vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərə alınsın.

Gənclər və İdman Nazirliyinin rəhbərliyinə tövsiyə olunub ki, malların (işlərin və xidmətlərin) satınalınması, eləcə də dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən və büdcədənkənar fondlarından, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması ilə əlaqədar törədilmiş bəzi hüquqpozmalara görə müvafiq olaraq cinayət və inzibati məsuliyyəti müəyyən edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR