Liviya neft ixracının dayanmasından 180 mlrd. dollar itirib

#
# 12:36
9 oktyabr 2020

Liviya 2013-cü ildən 2020-ci ilədək ölkədə mütəmadi olaraq neft hasilatının və ixracının dayandırılması səbəbindən 180 mlrd. ABŞ dollarından çox itirib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Liviya Mərkəzi Bankının rəhbəri Sadiq əl-Kəbir bildirib.

"2013-2020-ci illər arasında neft hasilatının və ixracının dayandırılması ən çox ölkə iqtisadiyyatına təsir etdi və bu da 180 mlrd. dolları aşan itkilərə səbəb oldu. Əgər 2012-ci ildə neft satışlarından əldə olunan gəlirlər 53,2 mlrd. dollar təşkil edirdisə, 2016-cı ildə ölkənin "qara qızıl" ixracında əldə etdiyi məbləğ 4,8 mlrd. dollaradək azaldı", - əl-Kəbir qeyd edib.

Sonuncu dəfə Liviyanın əksər neft yataqları və limanları hərbi əməliyyatlar fonunda neft obyektlərinin tıxanması səbəbindən yanvar ayından bəri bağlanmışdı.

Liviya Milli Ordusunun komandanı, marşal Xəlifə Haftar sentyabrın 18-də Liviyada neft hasilatının və ixracının bərpa olunduğunu elan edib. Ertəsi gün Liviya Milli Neft Korporasiyası (National Oil Corporation – NOC) yataq və limanlardakı fövqəladə vəziyyət rejimini ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR