SOCAR: Azərbaycanın neft gəlirləri "OPEC+" razılaşması sayəsində kəskin artıb

#
# 13:59
26 avqust 2020

Bu ilin iyun-iyul aylarında hasilatın azaldılmasına baxmayaraq, Azərbaycanın neft satışından əldə etdiyi gəlirlər "OPEC+" razılaşması sayəsində aprel ayına nisbətən iki dəfəyə yaxın artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov RİA "Novosti"yə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, "OPEC+" təşəbbüsü çərçivəsində neftin qiymətinin tənzimlənməsi SOCAR-ın gəlirlərinə müsbət təsir göstərir. "OPEC+" ölkələrinin kvotaları qüvvəyə mindiyi üçün Azərbaycan neft satışının orta aylıq qiyməti iki dəfədən çox artıb. "Azeri Light" markalı neftinin aprel ayında bir barelinin qiyməti 20,48 dollar, iyun-iyul aylarında isə orta hesabla 42-44 dollara satılıb: "Biz buna istehsal səviyyəsinin aşağı düşməsi hesabına nail olsaq da, "OPEC+" sazişindən əldə edilən fayda, fikrimcə, göz önündədir. Bu ilin iyun-iyul aylarında neft qiymətlərinin artması fonunda "OPEC+" kvotası çərçivəsində hasilatın azaldılması çərçivəsində Azərbaycana "OPEC+" razılaşmasının qüvvəyə minməsindən öncə, aprel ayına nisbətən təxminən iki dəfə çox gəlir gətirib".

İ. Əhmədov onu da bildirib ki, neftin qiymətinin iki dəfə artması yalnız "OPEC+"la deyil, həm də neftə olan tələbatın nisbi artması, həmçinin ABŞ-da şist neft istehsalının təbii azalması ilə əlaqədardır.

 

Qeyd edək ki, yeni "OPEC+" razılaşması çərçivəsində üzv ölkələr may ayından etibarən üç ay ərzində gündəlik neft hasilatını 9,7 mln. barel azaldıb. Avqust ayından etibarən hasilatın azaldılması davam edib, lakin daha az həcmdə – ilin sonuna qədər olan dövrdə üzv ölkələr gündəlik hasilatı 7,7 mln. barel, 2022-ci ilin aprelin sonunadək isə 5,8 mln. azaldacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR