Sahibkarlıq subyektləri üçün yeni sosial sığorta haqları müəyyən olunub

Sahibkarlıq subyektləri üçün yeni sosial sığorta haqları müəyyən olunub
# 08 may 2020 12:07 (UTC +04:00)

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının dərəcələri azaldılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Təklifə əsasən, bu il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahəsində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. Beləliklə, ərazidən asılı olaraq diferensial dərəcə tətbiq olunmaqla bərabər ticarət sahəsinə tikinti sahəsindən fərqli yanaşma tətbiq olunacaq.

1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək aşağıdakı fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün məcburi dövlət sığorta haqları aşağıdakı qaydada müəyyən olunur:

- toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət - minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;

- fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində - minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;

- çəkməçi, pinəçi - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

- saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

- fərdi yaşayış evlərdə və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatlarında təmizlik, bağdan, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

- naqqaşlıq emalatxanalarının fəaliyyəti - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

- fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

- Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri - minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvləri istisna ilə, qeyd olunan şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunacaq:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2;

- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində - 1,5;

- Digər şəhər və rayonlarda -1.

Eyni zamanda sadalanan fiziki şəxslər (Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri istisna ilə) tərəfindən məcburi dövlət sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödəniləcək. Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri isə “Fərqlənmə nişanı” alarkən məcburi dövlət sığorta haqqını ödəməli olacaqlar.

Qüvvədə olan qanuna görə, hazırda mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” qanunla müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödənilirsə, layihəyə əsasən, 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndi təsərrüfatlarında əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunla müəyyən edilmiş yaş həddinədək olan şəxslər ) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əmək haqqının aşağıdakı dərəcələri üzrə hesablanacaq:

- 5 hektaradək olduqda - 2 faizi miqdarında;

- 5 hektardan 10 hektaradək olduqda - 6 faizi miqdarında;

- 10 hektardan yuxarı olduqda - 10 faizi miqdarında.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR