Azərbaycanda ötən ay illik inflyasiya 4,3% təşkil edib

Azərbaycanda ötən ay illik inflyasiya 4,3% təşkil edib
# 13 may 2021 10:30 (UTC +04:00)

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4% artıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi məlumata görə, ərzaq məhsullarının qiyməti 4,7%, qeyri-ərzaq məhsulları qiyməti 3,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlərin qiyməti isə 3,1% artıb.

Cari ilin təkcə aprel ayında isə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3%, əvvəlki ilin aprel ayına nisbətən isə 4,3% artıb. 2021-ci ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4%, əvvəlki ilin aprel ayına nisbətən 4,4% artıb.

"Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, almanın, armudun, kələmin, pomidorun, bibərin, çuğundurun, balqabağın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin və tütün məmulatlarının, ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, qozun, fındığın, xiyarın, badımcanın, yerkökünün, kartofun və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib", -deyə DSK-nın aylıq hesabatında bildirilir.

Hesabata görə, 2021-ci ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3%, əvvəlki ilin aprel ayına nisbətən 3,9% artıb. Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma pambıq parçaların, boyaların, divar kağızlarının, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, sementin, soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının, ucuzlaşma isə əsasən mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.

Bundan əlavə, 2021-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2% əvvəlki ilin aprel ayına nisbətən 4,3% artıb. Cari ilin aprel ayında əvvəlki ayla müqayisədə ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma paltarların təmiri, dişlərin müaliсəsi, bərbərxana və kosmetoloji xidmətlərin, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR